Azərbaycan Mərkəzi Asiya ilə iqtisadi əməkdaşlığı Tyanşan Forumunda müzakirə edib
Almatıda keçirilən İkinci Tyanşan Forumunda Azərbaycanın Mərkəzi Asiya ilə rəqəmsal iqtisadiyyat və investisiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Qazaxıstanın Almatı şəhərində keçirilən İkinci Tyanşan Forumunda Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edib. Bu barədə BusinessTime İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutunun təşkil etdiyi forum dayanıqlı əlaqələrin və keyfiyyətli investisiyaların genişləndirilməsinə həsr olunub. Nazir müavini texnoloji tərəqqi, süni intellekt və rəqəmsal bağlantılara investisiyalarla bağlı sessiyada çıxış edib.
Səməd Bəşirli Mərkəzi Asiyanın Azərbaycan üçün prioritet tərəfdaşlıq istiqamətlərindən biri olduğunu bildirib. Çıxışda rəqəmsal transformasiyanın iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft-qaz sektorunun rəqabət qabiliyyətinin artırılmasındakı rolu qeyd edilib.
Forumda Azərbaycanda innovasiyaların inkişafı üzrə tədbirlər və region ölkələri ilə birgə layihələr barədə məlumat verilib. İnnovasiya və süni intellekt sahəsində tərəfdaşlıq, yeni texnologiyaların iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərinə də toxunulub.
İştirakçılar ticarət, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsini, rəqəmsal ticarətin təşviqini və insan kapitalının inkişafını müzakirə ediblər. Regiona investisiya cəlbi və iqtisadi əlaqələrin dərinləşdirilməsi barədə də fikir mübadiləsi aparılıb. Tədbirə dövlət rəsmiləri, beynəlxalq maliyyə institutlarının, biznes və akademik dairələrin nümayəndələri qatılıb.


