Bakının bu rayonlarında evlər daha bahadır: Qiymətlər 6 742 manata çatıb
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Bakı şəhərinin daşınmaz əmlak bazarında apardığı araşdırmanın nəticələrini açıqlayıb.
AQC-dən BusinessTime-a verilən məlumata görə, bu ilin oktyabr ayında paytaxtda ötən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələri, yeni və köhnə tikili mənzillər, fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə qiymətlər artıb.
Məlumata görə, Bakının daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri bütün rayonlarda və əmlak növlərində eyni səviyyədə olmayıb. Artımın tempi əmlakın növündən, yerləşdiyi rayondan, bazardakı tələb və təklifdən, ərazinin xüsusiyyətlərindən və alıcı davranışından asılı olaraq fərqlənib.
AQC qiymətləndirmə zamanı bazar qiymətlərinin təhlili, əvvəlki dövrlərlə müqayisələr, rayonlar üzrə qiymət fərqləri, bazar iştirakçılarının və ekspertlərin rəyləri, sorğu nəticələri, eləcə də tələb-təklif dinamikasını araşdırılıb. Rayonlar üzrə orta göstəricilərin hesablanmasında ərazilərin bazardakı çəkisi və əhali amili də nəzərə alınıb.
AQC-nin hesablamalarına görə, 2026-cı il oktyabr ayı üzrə Bakı şəhərində torpaq sahələrinin qiyməti orta hesabla 17,9 % artıb. Rayonlar üzrə ən yüksək artım Səbaildə qeydə alınıb – 29,1 %. Yasamalda qiymətlər 27,1 %, Nəsimidə 24,5 %, Nizamidə isə 22,3 % yüksəlib. Xəzər rayonunda artım 20,2 %, Nərimanovda 19,7 %, Xətaidə 16,5 % təşkil edib. Nisbətən aşağı artım Binəqədidə (14,9 %), Sabunçuda (12,3 %), Suraxanıda (11,2 %), Pirallahıda (8,6 %) və Qaradağda (8 %) müşahidə olunub.
Köhnə tikili mənzillər üzrə Bakı şəhərində orta qiymət artımı 10,8 % səviyyəsində müəyyənləşib. Bu seqmentdə ən yüksək artım Səbail rayonunda – 20,5 %, Yasamalda – 19,9 %, Nəsimidə – 15,9 %, Nərimanovda isə 14 % olub. Xətai rayonunda köhnə tikili mənzillərin qiyməti 12,6 %, Suraxanıda 11,8 %, Sabunçuda isə 11,1 % artıb. Qaradağda artım 5,3 %, Pirallahıda 5,2 %, Xəzərdə 6,3 %, Binəqədidə isə 6,9 % təşkil edib.
Yeni tikili mənzillər üzrə Bakı şəhərində orta qiymət artımı 14 % təşkil edib. Ən yüksək göstərici Səbail rayonunda qeydə alınıb – 21,8 %. Yasamalda artım 20,4 %, Xətaidə 18,6 % olub. Nəsimidə 17,4 % Nərimanov rayonunda qiymət 17,2 %, Nizamidə 16 %, Binəqədidə isə 14 % artıb. Digər rayonlarda artım daha aşağı olub. Belə ki, Suraxanıda 9,8 %, Sabunçuda 9,8 %, Pirallahıda 7,4 %, Xəzərdə 6 %, Qaradağda isə 5,4 % artım qeydə alınıb. AQC-nin qiymətləndirməsinə əsasən, yeni tikili mənzillərdə qiymət artımına yeni layihələrin yerləşməsi, tikinti keyfiyyəti, infrastruktura çıxış, nəqliyyat əlçatanlığı və yaşayış komplekslərinin imkanları ilə yanaşı, müasir mənzillərə olan tələbat da təsir göstərir.
Fərdi yaşayış evləri üzrə Bakı şəhərində orta qiymət artımı 13,2 % olub. Bu seqmentdə də ən yüksək göstərici Səbail rayonunda qeydə alınıb – 22,8 %. Nizamidə artım 16,8 %, Nərimanovda 15,9 %, Xəzərdə 15,6 %, Nəsimidə 14,1 %, Sabunçuda isə 13,2 % təşkil edib. Binəqədidə fərdi yaşayış evlərinin qiyməti 12 %, Suraxanıda 10,9 %, Yasamalda 10,1 %, Xətaidə 9,4 % artıb. Qaradağda artım 6,5 %, Pirallahıda isə 7,8 % səviyyəsində olub.
Qeyri-yaşayış obyektləri üzrə Bakı şəhərində orta illik qiymət artımı 13,1 % təşkil edib. Ən yüksək artım Səbail rayonunda qeydə alınıb – 27,1 %. Nəsimidə artım 24,4 %, Nərimanov rayonunda qeyri-yaşayış obyektlərinin qiyməti 24,3 %, Xətaidə 17,1 %, Yasamalda 12,7 %, Nizamidə isə 12,5 % artıb. Xəzərdə artım 11 %, Binəqədidə 10,8 %, Suraxanıda 9,1 %, Sabunçuda 7,4 % olub. Qaradağda qiymətlər 5,7 %, Pirallahıda isə 3,1 % yüksəlib.
AQC-yə görə, bu seqmentdə qiymətlərin formalaşmasında obyektin yerləşdiyi ərazi, piyada və avtomobil axını, kommersiya potensialı, ətraf ərazinin inkişaf səviyyəsi və biznes fəaliyyəti üçün əlverişli şərait əsas rol oynayır.
AQC-nin bu ilin sentyabr – oktyabr ayları üzrə aylıq qiymətləndirməsi də Bakı daşınmaz əmlak bazarında bahalaşmanın davam etdiyini göstərir. Əmlak kateqoriyalarında artım 1,39 % ilə torpaq sahələrində qeydə alınıb. Yeni tikili mənzillərdə qiymətlər orta hesabla 1,1 %, fərdi yaşayış evlərində 1,04 %, qeyri-yaşayış obyektlərində isə 1,03 % artıb. Köhnə tikili mənzillər kateqoriyasında 0,86 % artım olub. Hesabat dövründə bütün əsas əmlak kateqoriyaları üzrə Bakı şəhərində aylıq orta qiymət artımı 1,08 % təşkil edib.
Ən yüksək aylıq artım torpaq sahələrində qeydə alınıb. AQC bunu əsasən torpaq təklifinin məhdud olması və müəyyən ərazilərdə torpağa tələbin daha yüksək olması ilə əlaqələndirir.
Köhnə tikili mənzillərdə 0,86 %-lik artım isə bu seqmentdə qiymətlərin digər əmlak kateqoriyaları ilə müqayisədə daha sabit dəyişdiyini göstərir.
AQC-nin araşdırması göstərir ki, Bakı daşınmaz əmlak bazarında vahid qiymət artımı modeli formalaşmayıb. Eyni şəhər daxilində ayrı-ayrı rayonlarda və əmlak seqmentlərində əhəmiyyətli fərqlər mövcuddur. 2026-cı il üzrə orta göstəricilərə əsasən, ən yüksək artım torpaq sahələrində – 18 % olub. Sonrakı yerlərdə yeni tikili mənzillər – 14 %, fərdi yaşayış evləri – 13,2 %, qeyri-yaşayış obyektləri – 13,1 % və köhnə tikili mənzillər – 10,8 % qərarlaşıb.
Rayonlar üzrə nəticələrdə Səbail, Yasamal, Nəsimi və Nərimanov bir sıra əmlak kateqoriyalarında daha yüksək artım göstəriciləri ilə seçilir. Digər tərəfdən, bəzi rayonlarda qiymət artımı daha aşağı səviyyədə qalıb.
AQC-nin 2026-cı ilin oktyabr ayı üzrə araşdırması göstərir ki, Bakı şəhərinin rayonları arasında mənzil qiymətləri baxımından ciddi fərqlər mövcuddur. Təhlilə əsasən, orta qiymət göstəricisi üzrə ən yüksək nəticə Səbail rayonunda – 4 256 manat, ən aşağı göstərici isə Pirallahı rayonunda – 1 474 manat təşkil edib.
Maksimum qiymətlər üzrə Nəsimi rayonu 6 742 manatla ilk sırada qərarlaşıb. Bu göstərici Səbail rayonunda 6 259 manat, Nərimanov rayonunda isə 5 218 manat olub. Minimum qiymətlərə gəldikdə isə ən yüksək hədd Nəsimi rayonunda 2 977 manat, ən aşağı hədd isə Pirallahıda 1 037 manat qeydə alınıb.
Orta qiymətlər üzrə Səbail və Nəsimi rayonlarından sonra Nərimanov (3 978 manat), Xətai (3 427 manat), Yasamal (3 452 manat) və Sabunçu (3 319 manat) rayonları fərqlənir. Bakı şəhəri üzrə rayon göstəricilərinin orta həddi maksimum qiymətlərdə 3 981 manat, orta qiymətlərdə 2 905 manat, minimum qiymətlərdə isə 1 989 manat təşkil edib.
Nəticələr göstərir ki, paytaxtın mənzil bazarında qiymət səviyyəsi rayonların yerləşməsi və əmlak bazarının xüsusiyyətlərindən asılı olaraq dəyişir. Xüsusilə Səbail, Nəsimi və Nərimanov rayonlarında yüksək qiymət göstəriciləri, Xəzər və Pirallahı rayonlarında isə nisbətən aşağı qiymət hədləri müşahidə olunur.


