Yaxın Şərqdə təchizat narahatlığı fonunda “Brent” 103,60 dollara yüksəlib

Neft qiymətləri dörd həftənin ən aşağı səviyyəsindən sonra bərpa olunub. “Vortexa”nın məlumatına görə, Hörmüz boğazından neft və yanacaq axını oktyabrda azalıb.

Yaxın Şərqdə təchizat narahatlığı fonunda “Brent” 103,60 dollara yüksəlib
Foto: OilPrice

Neft qiymətləri dörd həftənin ən aşağı səviyyəsinə düşdükdən sonra bərpa olunub və “Brent” markalı neftin bir bareli 103,60 ABŞ dollarına yüksəlib. Bu barədə BusinessTime “OilPrice”a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, bazar iştirakçıları ABŞ-da aralıq seçkilərdən diqqətlərini yenidən Yaxın Şərqdəki müharibəyə və onun neft təchizatına mümkün təsirinə yönəldiblər. Material hazırlandığı vaxt WTI markalı neftin bir bareli 95,98 ABŞ dollarına satılıb.

Bundan əvvəl, çərşənbə axşamı İranın indiyədək müzakirəyə çıxarmadığı məsələlər üzrə danışıqlara açıq ola biləcəyi barədə xəbərlər qiymətlərin kəskin azalmasına səbəb olmuşdu. Bununla yanaşı, iki enerji konsaltinq şirkəti Fars körfəzindən neft təchizatının bərpasına həddindən artıq nikbin yanaşmamaq barədə xəbərdarlıq edib.

“Rystad Energy” ABŞ və İran müharibəyə son qoyacaq razılıq əldə etsə belə, Fars körfəzindən xam neft axınının yaxın vaxtlarda normal səviyyəyə qayıdacağını gözləmir. Şirkət tərəflər arasındakı bütün mübahisəli məsələlərin qarşıdakı bir il ərzində həllini də az ehtimallı hesab edir.

“Vortexa”nın məlumatına görə, Hörmüz boğazından xam neft, kondensat və yanacaq ixracı oktyabrda gündə orta hesabla 17,1 milyon barel təşkil edib. Bu göstərici sentyabrda 18,9 milyon barel olub. “ING”nin əmtəə bazarları üzrə komandası isə ABŞ və İrandan gələn müsbət siqnallara baxmayaraq, müharibənin bitəcəyinə nikbin yanaşmağın hələ tez olduğunu bildirib.