“Yelo Bank”ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

“Yelo Bank”ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

Yelo Bank” ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar.

Banker.az bankın bildirişinə istinadən xəbər verir ki, yığıncaq saat 11:00-da Bakıda, Həsən bəy Zərdabi prospekti, 81K ünvanında yerləşən baş ofisdə keçiriləcək. Bankın 2027-ci il üzrə büdcə layihəsinin və 2027–2029-cu illər üzrə strateji planının təsdiqi də gündəliyə daxil edilib.

Hazırda bankın İdarə Heyətinə Anar Həsənov sədrlik edir. Emil Duşdurov, Günay Cəlilova və Elşən Pirmalıyev sədr müavinləri, Səbuhi Süleymanlı isə İdarə Heyətinin üzvü və baş risk inzibatçısıdır. Müşahidə Şurasının sədri Marina Kulişova, üzvü Tomas Engelhardt, müstəqil üzvü isə Klaudia Sandra Müllerdir.

“Yelo Bank”ın səhmlərinin 98,94%-i Marina Kulişovaya, 0,96%-i Anar Həsənova, 0,10%-i isə “İSR Holdinq” MMC-yə məxsusdur.

Səhmdarların ümumi yığıncağı bankın ali idarəetmə orqanıdır. Səhmdarlar yığıncaqda iştirak edib səs verə bilərlər. “Banklar haqqında” Qanuna əsasən, bankın büdcəsinin və illik maliyyə hesabatlarının təsdiqi, dividendlərin ödənilməsi barədə qərarların qəbulu, eləcə də İdarə Heyəti üzvlərinin təyin və vəzifədən azad edilməsi ümumi yığıncağın səlahiyyətlərinə daxildir. İdarə Heyətinin təyinatı üzrə qərar yığıncaqda təmsil olunan səslərin 75%-lik çoxluğu ilə qəbul edilir.

Bank 2026-cı ilin üçüncü rübünün nəticələrini açıqlayıb. Sentyabrın sonuna aktivlər ilin əvvəli ilə müqayisədə 43 milyon manat artaraq 1,56 milyard manata, kredit portfeli isə 61,2 milyon manat artaraq 1,15 milyard manata çatıb. Bankilk üç rübdə 4,65 milyon manat xalis mənfəət əldə edib.