Türkiyə Dünya Bankından 5,6 milyard dollar alaraq ilk sıraya yüksəlib

Türkiyə iyunda başa çatan maliyyə ilində Dünya Bankının inkişaf etməkdə olan ölkələr üçün ayırdığı vəsaitin ən böyük alıcısı olub. Ölkədə icra olunan layihələrin həcmi təxminən 23 milyard ABŞ dollarıdır.

Türkiyə Dünya Bankından 5,6 milyard dollar alaraq ilk sıraya yüksəlib
Foto: Anadolu Agentliyi

Türkiyə iyunda başa çatan maliyyə ilində Dünya Bankından 5,6 milyard ABŞ dolları maliyyə alaraq qurumun inkişaf etməkdə olan ölkələrə ayırdığı vəsaitin ən böyük alıcısı olub. Bu barədə BusinessTime "Anadolu Agentliyi"nə istinadən xəbər verir.

Dünya Bankının Türkiyə üzrə direktoru Jan Kristof Karre İstanbulda mətbuat konfransında bildirib ki, ölkədə icra olunan layihələrin həcmi təxminən 23 milyard ABŞ dollarına çatıb. Onun sözlərinə görə, Türkiyəyə ayrılan vəsait Hindistan, Braziliya, Nigeriya və Pakistan kimi iri inkişaf etməkdə olan iqtisadiyyatlara yönəldilən maliyyəni üstələyib.

Bank cari maliyyə ilində Türkiyə üçün əlavə 4 milyard ABŞ dolları cəlb etmək üzərində işləyir. Bu vəsaitin nəqliyyat, enerji və su infrastrukturu layihələrinə yönəldilməsi, həmçinin yerli inkişaf bankları vasitəsilə kiçik və orta müəssisələrin rəqabət və ixrac imkanlarının artırılması nəzərdə tutulur.

Enerji sahəsində əməkdaşlıq çərçivəsində ölkənin ilk yüksək gərginlikli sabit cərəyan dəhlizi ilə bağlı elektrik ötürmə sistemi operatoru TEİAŞ ilə danışıqlar aparılır. Karrinin sözlərinə görə, Aralıq dənizi sahilindən İstanbula uzanacaq dəhlizin uzunluğu 700 kilometr olacaq. Bank dəmir yolu sahəsində də Orta Dəhliz və sənaye zonalarını birləşdirən layihələrin maliyyələşdirilməsində iştirak edir.

Dünya Bankı Qrupunun özəl sektor qurumu olan Beynəlxalq Maliyyə Korporasiyası da Türkiyədə fəaliyyətini genişləndirir. Qurumun Türkiyə, Qazaxıstan və Özbəkistan üzrə direktoru Liza Kestner bildirib ki, 2026-cı maliyyə ilində Türkiyənin özəl sektoruna 5,5 milyard ABŞ dolları yatırılıb. Bununla son 10 ildə investisiyaların ümumi məbləği 25 milyard ABŞ dollarına çatıb. Bu vəsaitə Antalya hava limanı üçün ayrılan 1,2 milyard ABŞ dolları da daxildir.