Azərbaycan nefti Çexiyanın enerji balansında mühüm yer tutur - TƏHLİL

Azərbaycan nefti Çexiyanın enerji balansında mühüm yer tutur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 aprel tarixində Çex Respublikasının Baş naziri Andrey Babiş ilə keçirilən görüş və mətbuata bəyanatı zamanı Azərbaycan ilə Çex Respublikası arasında münasibətlərin geniş spektrini əhatə edən mühüm məqamları diqqətə çatdırdı.

Dövlət başçısı bildirdi ki, iki ölkə arasında fəal siyasi dialoq mövcuddur və bu, münasibətlərin dinamik inkişafını göstərir. İlk görüşün məhsuldar keçdiyi, bir çox regional, ikitərəfli və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldığı qeyd olunub. Qeyd edək ki, Çexiya Baş nazirinin Azərbaycana rəsmi səfəri əlaqələrin daha da dərinləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. İqtisadi sahədə əməkdaşlıq perspektivlərinə toxunan Möhtərəm Prezident qeyd etdi ki, konkret layihələr üzrə intensiv müzakirələr aparılır.

Çexiyadan Azərbaycana böyük iş adamı nümayəndə heyətinin gəlməsi və biznes-forumun keçirilməsi yeni iqtisadi əlaqələrin qurulması üçün geniş imkanlar yaradır. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 800 milyon dollardan çoxdur və artım dinamikası müşahidə olunur. Lakin ticarət dövriyyəsinin əsas hissəsini neft ixracı təşkil etdiyindən, məqsəd strukturun daha tarazlı və şaxələndirilmiş olmasına nail olmaqdır. Bunun üçün sənaye, investisiya, kənd təsərrüfatı və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Energetika sahəsi də ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir. Azərbaycan ilə Çex Respublikası uzun illərdir bu sahədə etibarlı tərəfdaşdır. Azərbaycan nefti Çexiyanın enerji balansında mühüm yer tutur və ölkə Avropa bazarlarında etibarlı enerji təchizatçısı kimi tanınır. Eyni zamanda Avropa İttifaqı Azərbaycanın bu sahədə etibarlı tərəfdaş olduğunu təsdiqləyir.

Prezident qeyd edib ki, Azərbaycan qazı hazırda 16 ölkəyə ixrac edilir və onlardan 10-u Avropa İttifaqının üzvüdür. Eyni zamanda Azərbaycanın Çexiyaya qonşu ölkələrə də qaz ixracı həyata keçirməsi regional enerji əməkdaşlığını daha da gücləndirir. Bu əməkdaşlıq təkcə kommersiya xarakteri daşımır, daha genişmiqyaslı və uzunmüddətli strateji tərəfdaşlıq kimi nəzərdə tutulur. Müdafiə sənayesi sahəsində əməkdaşlıq da xüsusi qeyd olunub. Məlum olduğu kimi bu sahədə uzunmüddətli və uğurlu əməkdaşlıq mövcuddur, Azərbaycan Çexiyadan hərbi təyinatlı məhsullar alır və hazırda birgə istehsal layihələri üzrə danışıqlar aparılır. Azərbaycanın müdafiə potensialının həm yerli istehsal, həm də beynəlxalq tərəfdaşlıq əsasında gücləndirildiyi vurğulanıb. Bu kontekstdə Çexiya kimi təcrübəli ölkələrlə əməkdaşlığın xüsusi önəm daşıdığı qeyd edilib.

Görüş zamanı digər sahələr üzrə də geniş fikir mübadiləsi aparılıb, hökumətlərarası komissiyanın fəaliyyətinin aktivləşdirilməsi və yaxın zamanda yeni iclasın keçirilməsi barədə razılıq əldə olunub. Dövlət başçısı bildirib ki, bu səfər və aparılan danışıqlar Azərbaycan–Çexiya münasibətlərinin yüksək səviyyəsini bir daha təsdiq edir və qarşıda daha geniş əməkdaşlıq perspektivləri açır.

Elşən Ağalarov
Neftçala rayonu