“Azərpoçt” MMC “ISO 9001:2015” beynəlxalq standartı üzrə sertifikatlaşdırılıb
26 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması Orqanı tərəfindən həyata keçirilmiş audit nəticələrinə əsasən, AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC “ISO 9001:2015” “Keyfiyyəti İdarəetmə Sistemləri. Tələblər” beynəlxalq standartı üzrə sertifikatla təltif edilib.
“ISO 9001:2015” beynəlxalq sertifikatı rəsmi qaydada AZSTAND tərəfindən “Azərpoçt” MMC-yə təqdim olunub. Sözügedən sertifikatın tətbiq sahəsi poçt xidmətlərinin göstərilməsini əhatə edir.
Sertifikasiya prosesi və nəticələrinə dair keçirilmiş görüşdə AZSTAND-ın baş direktorunun müavini, Uyğunluğun qiymətləndirilməsi departamentinin direktoru Səbinə Məmmədli, həmçinin İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması orqanının rəhbəri Saday Əliyev iştirak ediblər. Tədbir çərçivəsində “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayevlə qurumun fəaliyyətinə, keyfiyyətin idarə olunmasına və gələcək dövrü əhatə edən sertifikasiya proqramlarına dair müzakirələr aparılıb.
Qeyd olunan sertifikat qurumda son dövrdə aparılan idarəetmə və proseslərin təkmilləşdirilməsi, eləcə də keyfiyyətə sistemli yanaşmanın nəticəsi kimi dəyərləndirilir və göstərilən poçt xidmətlərinin beynəlxalq tələblərə uyğun şəkildə davamlı inkişafına töhfə verir.
Məlumat üçün bildirək ki, Azərbaycan Standartlaşdırma İnstitutunun İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı “ISO 9001:2015” standartı üzrə Türkiyə Akkreditasiya Agentliyi (TürkAK) tərəfindən akkreditasiya olunub.

