Bakıda köhnə yataqxanalar söküləcək? – SON VƏZİYYƏT AÇIQLANDI
Bakı şəhərində köhnə yataqxana tipli binaların aqibəti ilə bağlı müzakirələr zaman-zaman gündəmə gəlib. Mütəxəssislər bildirirlər ki, təhsil müəssisələrinə və keçmiş istehsal obyektlərinə aid, istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan bu tikililərin sökülməsi və yerində müasir tələblərə cavab verən yeni binaların inşası vacibdir. Məcburi köçkünlərin azad olunmuş ərazilərə qayıdışı ilə boşalan və zəlzələ riskinə qarşı təhlükə yaradan bu binalar sökülərkən qanuni sakinlərinə yeni mənzillər və ya bazar qiymətinə uygun kompensasiyanın verilib-verilməyəcəyi də cavabını gözləyən suallardandır.
Maraqlıdır, sözügedən binaların sökülməsi planda varmı? Həmin binalar hazırda istifadə edilirmi? Ən əsası yataqxanada mənzili olanlar alqı-satqı əməliyyatları edə bilərmi?
Mövzu ilə bağlı Plat.az-a açıqlamasında əmlak məsələləri eksperti Elnur Azadov bildirib ki, məsələyə iki müstəvidə yanaşır:
“Hazırda faktiki yataqxana məqsədilə istifadə olunan hər hansı bir təhsil müəssisəsinə bağlı olan yataqxanalar və ikincisi isə zəbt olunmuş, zamanında hər hansı bir zavod, istehsal müəssisəsi və sair, yəni qeyri-təhsil obyektinə bağlı olan yataqxanalar. Hansılar ki, sovet hökuməti vaxtında vətəndaşlara müvəqqəti yerləşmək üçün, məskunlaşmaq üçün verilirdi. Sonradan evlə təmin olunandan sonra onlar boşaldılırdı və digər şəxslərin istifadəsinə verilirdi. Hazırda o yataqxanaların demək olar ki, hamısı məcburi köçkünlər və qaçqınların istifadəsindədir. Düzdür, boşaldıqca onların sökülməsi prosesi həyata keçirilir.
Faktiki olaraq bu yataqxanalar, mən hesab edirəm ki, istər təhsil müəssisələrinə bağlı, istər digər kateqoriya – bunların hamısının istismar müddəti bitibdir. Təhsil müəssisələrinə bağlı bəzi yataqxanaların vəziyyəti hardasa bəlkə qənaətbəxşdir. Onlar müəyyən zamanlarda əsaslı təmir olunublar. Amma qaçqınlar və məcburi köçkünlər bu binaları onlara uyğun olmayan şəkildə istismar ediblər. Bunlarda hər hansı bir dövlət nəzarəti ciddi şəkildə həyata keçirilməyib. Onların konstruksiya elementləri kifayət qədər zədələnib, zirzəmiləri su basıb. Bu baxımdan bu kimi yataqxanalar yavaş-yavaş boşaldıqca, yəni məcburi köçkünlər müvafiq əmlakla təmin olunduqca sökülür. Əgər tək-tək halda kimsə məhkəmə yolu ilə ora mülkiyyət hüququ əldə edibsə, oradan sözsüz ki, həmin əmlak adəti qurum tərəfindən, dövlət qurumu tərəfindən, icra hakimiyyəti və sair tərəfdən satın alınmalıdır, yəni dəyərləndirib satın alınmalıdır. Bu haqda başqa bir nəsə demək olmur”.
Ekspertin fikrincə, məcburi köçkünlər və qaçqınların status məsələləri tədricən həll olacaq:
“Tədricən işğaldan azad olunmuş ərazilərdə həmin yaşayış infrastrukturu yaradıldıqca vətəndaşlar ora köçürüləcək. Amma tələbələrlə bağlı məsələlər bir balaca qaranlıq olaraq qalır. Hesab edirəm ki, ölkədə ciddi şəkildə yataqxana çatışmazlığı var. Bundan ən çox az təminatlı ailələr əziyyət çəkir. Burada iki həll yolu var: gələcəkdə bəzi universitetlər regionlara köçürülməlidir, filiallar açılmalıdır və həmçinin mövcud yataqxanaların sökülərək daha müasir və iri tutumlu, iri həcmli yataqxanaların onların yerində inşası reallaşmalıdır. Bu istiqamətdə də təxminən bir il, il yarım öncə aidiyyəti dövlət qurumundan çıxış etmişdilər ki, xarici investisiyalar bura cəlb olunsun, amma ekspert olaraq hesab edirəm ki, bu sektora cəlb olunan xarici investisiya özünü çox gec doğruldacaq. Bu səbəbdən hər hansı bir investisiya üçün maraqlı olmayacaq”.
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin də fikirlərini aldıq. Ekspert bildirib ki, hal-hazırda təkcə paytaxt Bakı şəhərində 11 minə yaxın istismar müddətini bitirmiş köhnə çoxmənzilli yaşayış binaları var və onlardan bir hissəsi artıq müvafiq dövlət qurumları tərəfindən qəzalı kimi qeydə alınıb:
“Qəzalı kimi qeydə alınan köhnə çoxmənzilli yaşayış binalarının böyük bir qismi isə keçmiş yataqxana tipli binalardır. Bunlardan böyük hissəsi bir zamanlar ali təhsil müəssisələrinin yataqxanaları idi ki, birinci Qarabağ müharibəsindən sonra məcburi köçkünlərimizin böyük bir qismi həmin yataqxanalara sığındılar. Artıq məcburi köçkünlərin hər biri dövlət tərəfindən mənzillə təmin olunub və azad olunmuş ərazilərimizdə kənd və qəsəbələr bərpa olunduqca məcburi köçkünlər mərhələli şəkildə öz yurd-yuvalarına geri dönürlər.
Hazırda bu tip yataqxanaların böyük bir hissəsi yaşayış üçün yararsızdır və bəlli bir hissədə mövcud olan yataqxanaların söküntü prosesi başa çatıb. Digər tərəfdən isə bir zamanlar ailəvi yataqxanalar mövcud idi ki, bu da hər hansı bir zavod, fabrika müəssisələrinin balansında idi. O ailəvi yataqxanalarda fabrik və zavodlarda çalışan işçilər qalırdılar. Həmin yataqxanaların bir qismi çıxarışla təmin olunub, yəni yataqxanadakı mənzil sahiblərinin çıxarışları var ki, bu çıxarışlarla onlar alqı-satqı edib həmin əmlakı digər şəxsin mülkiyyətinə keçirə bilirlər. Lakin böyük qisim yataqxanalar, hansı ki, ali təhsil müəssisələrinin müəyyən dövlət qurumlarının balansında qaldığı halda həmin yataqxanalar müəssisələrin icazələri olmadan çıxarışla təmin oluna bilməzlər”.
Ekspert qeyd edib ki, qəzalı vəziyyətdə olan yataqxanaların sökülməsi prosesi zamanı həmin yataqxanalarda yaşayan sakinlərə söküntü aparan tikinti şirkəti tərəfindən mənzillər verilir və yaxud həmin yataqxanaların bazar dəyərinə uyğun olaraq qiymətləndirilir və kompensasiyalar ödənilir:
“Təbii ki, bu yataqxanaların artıq böyük bir qismi istismar müddətini başa çatdırıb və yaşayış üçün yararsızdır. Hər hansı bir təbii fəlakət, zəlzələ baş verərsə, uçub dağıla bilən yalnız həmin köhnə yataqxanalar ola bilər. Onların da uzun illərdir ki, təmir bərpa işləri aparılmadığına görə qəzalı vəziyyətdədirlər. Böyük bir qismi hazırkı vəziyyətdə yaşayışın olması üçün təhlükəli hesab olunur.
Bakı şəhərinin baş planı artıq təsdiq olunub. 2040-cı ilə qədər paytaxt Bakı şəhəri baş plana uyğun formada dizayn olunacaq. Yəni 2040-cı ilə qədər paytaxt ərazisində keçmiş yataqxanalar daxil istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan şöhrə çoxmənzilli yaşayış binalarının böyük bir qismi sökülərək paytaxt ərazisindən çıxarılacaq”.
Mövzu ilə bağlı həmçinin əmlak məsələləri eksperti Anar Nəsirovdan da soruşduq. O bildirib ki, Bakı şəhərinin 2040-cı ilə qədər baş planına əsasən istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan binaların sökülmə prosesi 2018-ci ildən başlayaraq davam edir:
"Bu plan nəticəsində istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan binalar, həyətlər və komplekslər, yaşayış binaları, kvartallar sökülərək yerində müasir tələblərə cavab verən hündürmərtəbəli yaşayış kompleksləri və yaşayış binaları tikilir. Mən belə güman edirəm ki, məhz bu baş plana əsasən sözügedən yataqxanalar, qəzalı vəziyyətdə olan yataqxana binalarının da sökülüb yerində müasir tələblərə cavab verən hündürmərtəbəli binaların tikilməsi həyata keçiriləcək".
Ekspert qeyd edib ki, bu yataqxana tipli evlərin bir çoxuna sonradan müəyyən müdaxilələrlə dəyişikliklər edilib:
"Məsələn, onlarda sanitar qovşaq ümumi olduğu üçün sonradan vətəndaşlar müdaxilə edərək hərə öz evində sanitar qovşaq xətləri çəkib. Ümumiyyətlə həmin binaların çoxu bugünkü standartlarla ayaqlaşmır, çoxusu qəzalı vəziyyətdədir. Yəni bunların sökülmə ehtimalı çoxdur, yəqin ki, mərhələli şəkildə söküləcək".
Bəs bu mənzillər alınıb-satıla bilərmi? Ekspert suala belə cavab verib:
"Bu mənzillər əgər özəlləşdirilibsə, yəni çıxarışla təmin edilibsə, bunlar qanuni şəkildə alqı-satqı edilə bilər. Amma özəlləşdirilməyiblərsə, hansı mənzillərin ki, çıxarışı yoxdur, bu mənzillər alqı-satqı edilə bilməz, qanuni alqı-satqı mümkün deyil".


