Bu avtomobillərə yol verməyənlər CƏZALANDIRILACAQ

Bu avtomobillərə yol verməyənlər

Şəhərdə tıxacların artması yanğınsöndürən və xilasetmə avtomobillərinin hadisə yerinə vaxtında çatmasına mane olur.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yay istirahət mövsümünün başa çatması və yeni tədris ilinin başlaması ilə şəhərdaxili yollarda sıxlıq müşahidə olunur. Bu vəziyyət fövqəladə hadisə ünvanına tələsən xüsusi təyinatlı texnikaların hərəkətində ciddi çətinliklər yaradır. Dominos pizza

FHN xüsusilə bəzi sürücülərin yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməməsinin hadisə yerinə çatma vaxtını uzatdığını və nəticələrin operativ aradan qaldırılmasına mane olduğunu açıqlayıb.

Nazirlik sürücüləri yollarda hərəkət edən operativ nəqliyyat vasitələrinə dərhal yol verməyə çağırıb.

Qeyd olunub ki, yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməyən sürücülər qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar.

FHN vurğulayıb ki, belə gecikmələr təhlükədə olan insanların həyatının xilas edilməsinə də mane ola bilər.

"Unutmayaq ki, heç kəs fövqəladə hadisədən sığortalanmayıb", – deyə nazirlikdən bildirilib.