Bu gün Azərbaycan regional gücə çevrilmiş ölkədir - ŞƏRH

Azərbaycan və Özbəkistan arasında əlaqələrin mühüm istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır.
Hər iki ölkə regional və qlobal nəqliyyat əlaqələrinin şaxələndirilməsinə, dayanıqlı və rəqabətqabiliyyətli infrastrukturun formalaşdırılmasına böyük əhəmiyyət verir. Bu sahədə birgə səylər, təkcə iqtisadi deyil, həm də geostrateji baxımdan mühüm əhəmiyyət daşıyır. Məlum olduğu kimi Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bu günlərdə ölkəmizdə rəsmi səfərdədir.
Demək olar ki, bütün istiqamətlər üzrə məsələlərin müzakirə edildiyi görüşlərdə iki ölkə arasında münasibətlərin səviyyəsi bir daha üzə çıxır. Ölkə başçısı cənab İlham Əliyevlə ali qonağın mətbuata verdikləri birgə bəyanatlar, imzalanan sənədlər, açılışı və təməli qoyulan layihələr iki ölkənin böyük məqsədlər uğrunda irəliyə doğru atdıqları addımları nümayiş etdirir. Möhtərəm Prezident cənab İlham Əliyev nitqində Mərkəzi Asiya regionunda Xəzər dənizindən başlayaraq Azərbaycanın nəqliyyat şəbəkəsi üzərindən Qərbə doğru çıxışı təmin edən yeni və şaxələndirilmiş nəqliyyat marşrutlarının inkişaf perspektivləri barədə dos ölkə rəhbəri ilə ətraflı müzakirələr apardıqlarını bildirdi.
Xüsusi qeyd edilməlidir ki, Mərkəzi Asiyanın böyük iqtisadi və ticarət potensialı nəzərə alındıqda, bu marşrutların Orta Dəhliz çərçivəsində daha da genişləndirilməsi və dayanıqlı nəqliyyat axınlarının təmin olunması xüsusi əhəmiyyət kəsb edir.
Məlumdur ki, Azərbaycan tərəfi bu sahədə artıq mühüm infrastruktur layihələrini həyata keçirib və hazırda mövcud nəqliyyat-logistika infrastrukturu böyük həcmdə yük axınını qəbul etməyə tam hazırdır. Bu imkanlar Özbəkistan da daxil olmaqla, region ölkələrinin dünya bazarlarına çıxışını asanlaşdıracaq, yeni iqtisadi imkanlar yaradacaqdır.
Bu gün regional gücə çevrilmiş Azərbaycanın meqa layihələrə imza atması, onun mövqeyinin materikdə qəbul edilməsi və dəstəklənməsi ölkəmizin son illər həyatın bütün istiqamətləri üzrə qazandığı uğurlarla bağlıdır. Bu mənada Azərbaycanın yaxın illərdə əldə edəcəyi yeni imkanları, iqtisadi inkişafı indidən təxmin etmək olar.
Gülcahan Məmmədova;
Neftçala rayonu