Əbədi olaraq qürurla xarırlayacağımız tarix! - RƏY

Əbədi olaraq qürurla xarırlayacağımız tarix!

Ölkə başçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər səfəri xalqımıza böyük müjdələr verir. Açılışı olan yeni yaşayış massivlərinin, infrastruktur layihələrinin, əsası qoyulan ən müasir obyektlərin mənzərəsi, dosta sevinc, düşmənə gözdağıdır deyə bilərik.

30 il ərzində doğma yurd-yuvasından didərgin düşmüş həmvətənlərimizin dədə-baba torpaqlarına qürurla qayıtmaları qüdrətli dövlətimizin uğurudur. Bu günlərdə Kəlbəcər rayonuna səfər edən və orada kəlbəcərlilərlə görüşən Möhtərəm Prezident cənab İlham Əliyev həmişə olduğu kimi önəmli fikirlər səsləndirdi. 2023-cü ilin 19 sentyabr tarixində başladılan və cəmi 23 saat  davam edən antiterror tədbirlərinin əhəmiyyətinə diqqət çəkən Ölkə başçısı dövlətimizin beynəlxalq hüquqla tanınan bütün ərazilərində suverenliyini bərpa etməsini tarixi hadisə adlandırdı.  

Məlum olduğu kimi 2020-ci ildə düşmənin davamlı təxribatlarına cavab olaraq başladılmış əks hücum əməliyyatları 44 günlük Vətən Müharibəsi kimi tarixə keçdi. Həmin günlər ərzində Azərbaycanın real gücü nədən ibarətdir təkcə Ermənistan deyil, bütün dünya gördü. Azərbaycan o vaxt qardaş Türkiyənin mənəvi dəstəyi ilə çoxqütblü beynəlxalq təzyiqlərə sinə gərərək Ermənistanın siyasi rəhbərliyini və onun dırnaqarası məğlubedilməz ordusunu döyüş meydanında diz çökdürdü. Nəticədə faktiki məğlubiyyətini qəbul edən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu.

Lakin zaman göstərdi ki, düşmən imzaladığı və qəbul etdiyi razılaşmaları pozur, vaxt, zaman udaraq növbəti onilliklərin xülyasını qurur. Lakin bu dəfə də zaman göstərdi ki, Möhtərəm Prezident baş verənləri hər kəsdən yaxşı bilir və analiz edir. Belə də oldu, lokal xarakterli antiterror əməliyyatlarının sonunda tarixi Xankəndi və ətraf ərazilərdə yerləşmiş separatçılar ağ bayraq qaldıraraq, təslim olmağa və tərkisilah olunmağa razı oldular.

Beləliklə, tarixi Qarabağımız öz suverenliyinə qovuşdu. Bu tarixi günlərin canlı şahidi olmaq həqiqətən də hər bir azərbaycanlı üçün qürurvericidir. Əminliklə deyə bilərik ki, Ölkə başçımız 20 il ərzində xalqa verdiyi bütün vədlərə tam əməl etmişdi. Bir məqamı isə xüsusi vurğulamalıyıq ki, şəhidlərimizin, igid oğullarımızın, canı, qanı, sağlamlığı bahasına qazandığımız tarixi Zəfərimiz əbədi olaraq xalqımızın qürur yeri olacaqdır.

Bu gün bir xalq üçün Qalib ölkənin vətəndaşı olmaqdan daha qürurlu heçnə ola bilməz!. 

Amid Şahbazov
Neftçala rayonu