Elektron siqaret tütün qədər zərərlidir - ARAŞDIRMA
Cəmiyyətdə siqaret istifadəçilərinin sayı gündən-günə artır. Lakin bir sıra istifadəçilər siqaretin psixoloji və fiziki zərərlərinə görə bu asılılıqdan xilas olmağın vacibliyinin fərqindədirlər.
Ona görə də tütün məmulatlarını tərgitmək üçün alternativ üsul kimi təqdim olunan elektron siqaretlərdən istifadə edirlər. Ənənəvi siqaretlərdən qurtulmaq istəyən istifadəçilər elektron siqaretlərə üstünlük verir və bu dəfə də ondan asılı vəziyyətə düşürlər. Araşdırmalar göstərir ki, elektron siqaretlər elə tütün qədər ziyanlıdır. Elektron siqaretlərdən istifadə bronxit və təngnəfəslik də daxil olmaqla, qalıcı tənəffüs yolu və onkoloji xəstəliklər, eləcə də miokard infarktı riskini artırır.
Elektron siqaret istifadəçiləri ondan asılı vəziyyətə düşürlər
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tütün məmulatlarını tərgitmə üçün təklif olunan elektron siqaretlərin heç də uğurlu metod olmadığı artıq aydınlaşıb. Nikotin əsaslı və əsassız təqdim edilən bu cihazların illər ərzində daha çox nikotinlilərindən istifadə edildiyi, "uğurlu" ticarət strategiyasının bir parçasına çevrildiyi məlum olub. Araşdırmalara görə, ənənəvi siqareti tərgitmək üçün elektron siqaretdən istifadəyə başlayanların 80 faizi onlardan asılı vəziyyətə düşüb, aludəçilərin yalnız 20 faizi tütün məmulatlarını tərgidə bilib. Qeyd edilir ki, elektron siqaretlərin istifadəsi xüsusən gənclərin və yeniyetmələrin diqqətini çəkdiyinə görə daha təhlükəlidir.
Bəs elektron siqaretlərin kütləvi şəkildə yayılmasının səbəbi nədir? Onlar doğrudan da istifadəçilərin əksəriyyətinin düşündüyü qədər zərərsizdirmi? Elektron siqaretlərdən istifadə edən yeniyetmələrdə hansı fəsadlar yarana bilər?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev deyir ki, yeniyetmələri elektron siqaret istifadəsinə sövq edən bir neçə amil var: "Bunlardan biri internet istifadəsinin azadlığıdır. Lakin unutmamaq lazımdır ki, yalnız yerli media ilə iş bitmir. Gənclər xarici medianın da əyləncə, istirahət səhifələrini izləyirlər. Bunu məhdudlaşdırmaq hələ ki mümkün deyil. Həmin səhifələrdə təbliğata görə məsuliyyət daşımayan və bunun fərqində olmayan insanlar hətta bunu dəbli geyimlər geyinərək xüsusi şoularla lüks hesab olunan məkanlarda edib video çəkirlər. Videonu görən yeniyetmələr isə elektron siqareti dəbdəbəli həyatın mütləq göstəricilərindən biri hesab edirlər. Bu cür videolar informasiya azadlığından doğan zərərlərdəndir".
Həsən Əliyev qeyd edib ki, digər məqam istifadəçilərin elektron siqareti ənənəvi siqaret hesab etməmələri ilə bağlıdır. Bunun siqaretdən daha yüngül, fəsadlarının isə az olduğu hesab edilir.
Elektron siqaret istifadəsinin minimuma endirilməsi üçün iş aparmağın komitənin prioritet məsələlərindən olduğunu vurğulayan ekspert bununla bağlı daim maarifləndirmə tədbirlərinin keçirildiyini deyir. Həmin tədbirlərdə komitənin mütəxəssisləri tərəfindən elektron siqaretlərlə yanaşı, tütün məmulatları, spirtli və energetik içkilər, narkomaniyanın zərərləri və fəsadları, internetdən düzgün istifadə ilə bağlı təlimlər keçirilir.
"Bütün elektron siqaret, tütün məmulatları və spirtli içkilərin 18 yaşdan aşağı vətəndaşlara satışı qadağandır. Hüquq-mühafizə orqanları tərəfindən bununla əlaqədar monitorinqlər keçirilir. Belə hallar aşkarlandığı təqdirdə həmin satış məntəqələrinin sahibləri cəzalandırılır", - deyə komitə rəsmisi əlavə edir.
Elektron siqaretlərlə bağlı yaranan xəstəliklər müalicəyə çətin tabe olur
Elektron siqaretlərin orqanizmə təsirlərindən danışan Bakı Sağlamlıq Mərkəzinin pulmonoloqu Sevda Aslanova qeyd edir ki, bu siqaretlərin zərəri tərkibində olan çeşidli kimyəvi və dadlandırıcı maddələrdən asılıdır: "Tərkibində kanserogen olan bu maddələr xüsusilə tənəffüs orqanlarına, ürək-damar sisteminə, qaraciyər, böyrəyə zərər verir. Onun sinir sistemi və beynin inkişafına da mənfi təsirlər göstərdiyi təsdiqlənib. Həmçinin bu siqaretlər immuniteti zəiflədərək aşağı tənəffüs yolu infeksiyaları riskini artırır, hətta bəzən kəskin ağciyər zədələnməsinə gətirib çıxarır. Bir sıra hallarda ağciyər iltihabına səbəb olan elektron siqaretlərin yaratdığı xəstəliklər müalicəyə çətin tabe olur".
Həkim-mütəxəssis qeyd edir ki, elektron siqaretlərin istifadəsi dayandırılmalı, istifadəçilərin orqanizminin bərpa edilməsi üçün zəruri addımlar atılmalıdır. Müalicə müddətində xəstə ağciyər reabilitasiyasına cəlb olunmalı, tənəffüs gimnastikası etməli, açıq havada daha çox gəzməlidir. Gəzintinin müddəti yaşa, cinsə, həmçinin yanaşı xəstəliklərin olub-olmamasına əsasən müəyyən edilməlidir.
Maarifləndirmə işlərinin aparılması vacibdir
Psixoloq Elnur Rüstəmov deyir ki, elektron siqaretlərdən asılılığın sosial və psixoloji səbəbləri var: "Sosial amillərə ətraf mühit və bu mühitdə baş verənlər, psixoloji amillərə isə insanların yaşadığı böhran halı, narahatlıq və ya özünü təsdiqetmə istəyi daxildir".
Psixoloq əlavə edib ki, elektron siqaret istifadəçilərinin, əsasən, gənclər və yeniyetmələr olduğunu nəzərə alsaq, bu növ siqaretdən istifadənin artma səbəblərindən biri kimi də onun qoxusuz olmasını göstərə bilərik. Belə olan halda valideynlər övladlarının siqaret istifadəçisi olduğunu aşkar edə bilmirlər.
"Elektron siqaret istifadəsini minimuma endirmək üçün xüsusilə təhsil müəssisələrində maarifləndirmə işlərinin aparılması vacibdir. Ümumiyyətlə, bütün qapalı məkanlarda həm tütünlü, həm də elektron siqaretlərin istifadəsinin qadağan olunması məqsədəuyğundur. Həmçinin buna aludəçiliklə bağlı tədqiqat işlərinin aparılması da zəruridir", - deyə E.Rüstəmov bildirib.

