Azərbaycanın tanınmış realtoru, ictimai xadim və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sabiq sədri İradə Şükürovanın doğum günü münasibətilə tədbir keçirilib.
Mərasimdə AQC rəhbərliyi, İdarə Heyətinin üzvləri, ölkənin aparıcı media qurumlarının rəhbərləri və əmlak bazarı üzrə ekspertlər iştirak ediblər.
Tədbirdə çıxış edən AQC sədri Vüqar Oruc yubilyarın həyat yolu və peşəkar fəaliyyətinə nəzər salıb. O, İradə Şükürovanın Azərbaycanın qiymətləndirmə sektorunun formalaşmasında müstəsna xidmətləri olduğunu vurğulayıb:
"İradə xanım həm rəhbər, həm də mütəxəssis kimi illərdir sektorun yükünü çiyinlərində daşıyan fədakar insanlardan biridir. Onun AQC-yə sədrlik etdiyi dövrlər təşkilatın ictimai nüfuzunun artması ilə yadda qalıb. Bu gün də sədrin müşaviri kimi bizimlə çiyin-çiyinə çalışması, dəyərli məsləhətləri ilə fəaliyyətimizə işıq tutması bizim üçün böyük şansdır. Onu Azərbaycan qiymətləndirmə camiəsinin simalarından biri hesab edirik."
AQC İdarə Heyətinin üzvləri də İradə xanımı təbrik edərək, onun qurum daxilindəki səmimi atmosferin qorunub saxlanılmasındakı rolunu xüsusi qeyd ediblər.
Sonda çıxış edən İradə Şükürova ona ünvanlanan xoş sözlərə və göstərilən yüksək diqqətə görə tədbir iştirakçılarına, xüsusilə AQC rəhbərliyinə dərin minnətdarlığını bildirib.
O, ömrünün böyük bir hissəsini həsr etdiyi bu sahədə bundan sonra da var gücü ilə çalışacağını, həm ictimai fəaliyyətində, həm də peşəkar işində yeniliklərə imza atacağını vurğulayıb.