Keniya Ali Məhkəməsinin sədri Milli Aviasiya Akademiyasında olub
2026-cı il iyunun 2-də Azərbaycanda səfərdə olan Keniya Respublikasının Ali Məhkəməsinin sədri xanım Martha Karambu Koomenin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olublar.
Qonaqlar əvvəlcə Akademiyanın müasir infrastrukturu, elmi-akademik mühiti, Beynəlxalq Təlim Mərkəzi və müasir uçuş simulyatorları ilə də tanış olublar.
Daha sonra qonaqlar Milli Aviasiya Akademiyasında tədrisdə iştirak edən hakimlər, professor-müəllim heyəti, hüquqşünas alimlər və tələbələrlə görüşüblər.
Görüşdə çıxış edən Akademiyanın prorektoru, professor Ədalət Səmədov Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin salamlarını çatdırıb və təhsil müəssisəsinin fəaliyyəti barədə qonaqlara məlumat verib. Qeyd edib ki, Milli Aviasiya Akademiyası ölkənin qabaqcıl ali təhsil müəssisələrindən biridir və burada hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr yüksək hazırlıq səviyyəsi ilə ölkə üzrə seçilirlər. O, hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının müasir tələblərə cavab verdiyini vurğulayıb.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov isə Milli Aviasiya Akademiyasının rəhbərliyinə öz minnətdarlığını bildirərək, Akademiya ilə Azərbaycan Respublikasının Ali Məhkəməsi arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən bu növ görüşlərin, master klassların keçirilməsinin faydalarından bəhs edib.
Keniya Respublikasının Ali Məhkəməsinin sədri xanım Martha tələbələr qarşısında Keniya Respublikasında məhkəmə sistemi, həyata keçirilən məhkəmə-hüquq islahatları, rəqəmsallaşma və məhkəmə qərarlarının qəbulunda süni intellektin tətbiqi mövzularında geniş məruzə ilə çıxış edib.
Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev çıxış edərək ölkələr arasında yaradılmış ikitərəfli əlaqələrdən və məhkəmə-hüquq sahəsində qarşılıqlı təcrübə mübadiləsindən bəhs edib.
Akademiyanın İqtisadiyyat və hüquq fakültəsinin müəllimi Murad Orucov çıxış edərək fakültə haqqında ətraflı məlumat verib. O, fakültədə təhsil alan tələbələr, ixtisas istiqamətləri, eləcə də professor-müəllim heyəti, tədrisə cəlb edilmiş hakimlər, prokurorluq orqanlarının əməkdaşları və vəkillər barədə geniş məlumatı qonaqların diqqətinə çatdırıb. Bununla yanaşı, Milli Aviasiya Akademiyasında yaradılmış məhkəmə simulyasiya otağı, Akademiyanın nəzdində hüquq ixtisasları üzrə fəaliyyət göstərən Dissertasiya Şurası barədə qonaqlara məlumat verilib.
Qonaqlar tədbirin yüksək səviyyədə təşkilinə görə təhsil ocağının rektoru, akademik Arif Paşayevə təşəkkür edib, Akademiyada yaradılmış müasir elmi-tədris mühitinin gənc mütəxəssislərin peşəkar inkişafına mühüm töhfə verdiyini bildiriblər.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb, qonaqlarla xatirə şəkili çəkilib.



