Malıbəyli və Quşçular qətliamından 34 il ötür
Bu gün Malıbəyli və Quşçular kəndlərində törədilmiş kütləvi qırğının növbəti ildönümü qeyd edilir.
BAKU.WS xatırladır ki, bu qanlı hadisədən 34 il keçir.
1992-ci il fevralın 10-dan 12-dək davam edən hücum zamanı erməni qanunsuz hərbi dəstələri Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərini hədəfə alıblar, nəticədə 50-yə yaxın mülki azərbaycanlı həyatını itirib.
Sırf azərbaycanlıların məskunlaşdığı Malıbəyli və Quşçular kəndləri Şuşa rayonunun mərkəzinə yaxın, dağlıqda, yaylaq zonasında yerləşirdi. Həmin yaşayış məntəqələrinin əhalisinin sayı təqribən 4 000 nəfər təşkil edirdi.
Qarabağ müharibəsinin ilk günlərindən etibarən sözügedən kəndlər erməni silahlı qüvvələrinin əsas hədəfinə çevrilmişdi. Malıbəyli kəndi 1991-ci ilin oktyabrından etibarən tam blokada şəraitində qalmışdı.
Fevralın 5-də kənd üzərində dövrə vuran helikopter vasitəsilə sakinlərə xəbərdarlıq vərəqələri atıldı. Kağızlarda ərazini tərk etmək üçün onlara iki gün möhlət verildiyi yazılırdı. 1991-ci ildən bəri mühasirədə olan bölgə ilə əlaqə yalnız hava yolu ilə saxlanılırdı. Lakin yanvarın 28-də Şuşa istiqamətində uçan sonuncu helikopterin ermənilər tərəfindən vurulması ilə bu imkan da kəsilmişdi.
Fevralın 10-u gecə saatlarında erməni silahlıları Malıbəyli kəndinə hücuma keçdilər. Qadınlar və uşaqlar qonşu Quşçular kəndinə sığınmağa məcbur oldular. Onların evləri isə oda qalandı. Ümumilikdə, hər iki kəndin əhalisi səhər saatlarına qədər düşmən qüvvələrinə qarşı müqavimət göstərdi.
Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərində törədilən bu qırğınlardan sonra yüzlərlə günahsız insanın qətlə yetirildiyi Qaradağlı və Ağdaban faciələri, həmçinin əsrin ən dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımı reallaşdırılıb.
2020-ci il Vətən müharibəsi, 2023-cü il antiterror əməliyyatından sonra Azərbaycan işğal altında olan torpaqlarını qaytararaq əraziləri üzərində suverenliyini bərpa etdi. İşğaldan azad olunan bütün ərazilərimizdə olduğu kimi, Xocalı rayonunun Malıbəyli kəndində də tikinti-quraşdırma işləri davam etməkdədir.

