MÜTDA-ya tətbiq edilən cərimə ləğv olunub
Bakı şəhər Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş protokola dair məhkəmə qərarı ləğv edilib. Sözügedən protokola Nərimanov Rayon Məhkəməsində baxılıb.
Məhkəmə Agentliyi təqsirli bilərək 2 min manat məbləğində şərti cərimə tətbiq edib və hüquqpozmanın aradan qaldırılması üçün bir aylıq müddət müəyyənləşdirib.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, qərardan verilən apellyasiya şikayətinə isə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə şikayəti təmin edərək birinci instansiya məhkəməsinin qərarını ləğv edib və iş üzrə icraata xitam verib.
Qeyd edək ki, məlumatı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi təsdiqləyib.


