İcra başçısı vətəndaşların problemlərini dinlədi

İcra başçısı vətəndaşların problemlərini dinlədi

Neftçala Rayon İcra Hakimiyyətinin başçısının rayonun yaşayış məntəqələrindəki sayca 20-ci vətəndaşların səyyar qəbulu Mürsəqulu kəndində keçirilib.

Səyyar görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

İcra başçısının Xol Qaraqaşlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi çıxış edərək kənd haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.

Çıxış edənlər son illərdə qeyri-neft sektorunun inkişafının dövlət siyasətinin əsas prioritet istiqaməti olduğunu bildirib, bu sahədə aparılan  islahatların ölkə iqtisadiyyatının gələcək inkişafına töhvələr verdiyini diqqətə çatdırıblar.

Görüşdə çıxış edən Mirhəsən Seyidov tarixən neft-qaz sənayesi ölkəsi kimi tanınan Azərbaycanın Prezident İlham Əliyevin ardıcıl siyasətinin nəticəsində qeyri-neft sektorunun inkişafında uğurlu nəticələr əldə etdiyini görüş iştirakçılarının diqqətinə çatdıraraq Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində Azərbaycanın regionun söz sahibi ölkəsinə çevrildiyini vurğulayıb.

Həmçinin, rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, xüsusilə də, Xol Qaraqaşlı kənd İnzibati Ərazi Dairəsinə daxil olan yaşayış məntəqələrində görülmüş işlər barəsində kənd sakinlərinə ətraflı məlumat verib.

Səyyar qəbulda əsasən suvarma suyu ilə əkin sahələrinin təminatı, elektrik dirəklərinin və xətlərinin yenilənməsi, subsidiyaların vaxtında ödənilməsi, kənddə körpələr evi-uşaq bağçasına olan ehtiyac və digər məsələlər barədə təkliflər səsləndirilib. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, problemlərin və onların həlli yollarının araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Məlumat üçün bildiririk ki, vətəndaşlar rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.