Ordubadın Tivi kəndində vətəndaş müraciətləri dinlənildi
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli yerlərdə vətəndaşların müraciətlərinin dinlənilməsi və mövcud çətinliklərin yerindəcə öyrənilməsi məqsədilə növbəti səyyar qəbulunu Tivi kəndində keçirib. Qəbulda İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul zamanı çıxış edən Rəcəb Rəhimli ölkədə həyata keçirilən genişmiqyaslı islahatlardan bəhs edərək “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrasının regionda müasir infrastrukturun qurulması və hərtərəfli inkişafın təmin olunmasında mühüm rol oynadığını bildirib. Bu çərçivədə Ordubad rayonunda şəhər və kənddaxili yol ifrastrukturunun yenidən qurulması, su təsərrüfatı sistemlərinin təkmilləşdirilməsi, kənd təsərrüfatının intensivliyinin artırılması, sahibkarlığın inkişafı, məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr diqqətə çatdırılıb. Görüşdə qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının icrası çərçivəsində Ordubad rayonunda içməli və suvarma suyu təminatının əsaslı şəkildə yaxşılaşdırılması nəzərdə tutulur. Bildirilib ki, Ordubad rayonunun Dövlət Tarix-Mədəniyyət Qoruğu elan olunması bölgənin tarixi simasının qorunmasına və turizm potensialının artırılmasına geniş imkanlar yaradıb. Rayon ərazisində yerləşən “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”nin UNESCO-nun Dünya İrsinin ilkin siyahısına daxil edilməsi, həmçinin Ordubad şəhərinin İSESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil olunması beynəlxalq səviyyədə mədəni və təbii irsimizin tanıdılmasına xidmət etməklə Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə elan edilmiş 2026-cı il — “Şəhərsalma və Memarlıq İli”nə mühüm bir töhfə verəcəkdir. İcra başçısı qeyd edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionda nəqliyyat və kommunikasiya əlaqələrinin genişlənməsinə şərait yaradacaq, eyni zamanda investisiya cəlbediciliyini artıraraq yeni infrastruktur layihələrinin həyata keçirilməsinə, sahibkarlığın inkişafına və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə xidmət edəcək.
Qəbul zamanı kənd sakinləri tərəfindən məşğulluq imkanlarının artırılması, internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, mərasim evinin tikintisi, kənd ərazisində yerləşən məscidin bərpası, yol infrastrukturunun yenilənməsi və bərpası, bələdiyyəyə məxsus torpaq sahələrindən istifadə olunması və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan problemlərin bir hissəsi yerindəcə həllini tapıb, araşdırma tələb edən digər müraciətlərin qanunvericilik çərçivəsində operativ şəkildə həlli üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya, eləcə də rayonun inkişafı istiqamətində görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.



