PR və SMM fərqləri nədir?
Müasir kommunikasiya mühitində PR və SMM anlayışları çox zaman qarışdırılır. Xüsusilə sosial şəbəkələrin gücləndiyi dövrdə bir çox təşkilatlar düşünür ki, aktiv paylaşım etmək PR deməkdir. Halbuki bu iki istiqamət fərqli məqsədlərə, fərqli strategiyalara və fərqli nəticələrə xidmət edir.
PR nədir?
PR (Public Relations) – ictimaiyyətlə əlaqələr deməkdir. PR-in əsas məqsədi təşkilatın müsbət imicini formalaşdırmaq, reputasiyasını qorumaq və cəmiyyətlə uzunmüddətli etimad münasibəti qurmaqdır. PR qısamüddətli deyil. O, strateji və davamlı prosesdir.
PR-in əsas hədəfləri - imici artırmaq, reputasiyanı qorumaq, etibar formalaşdırmaq, ictimai rəyi düzgün istiqamətləndirmək, böhran vəziyyətlərində təşkilatı qorumaqdır.
İnsanlar sizi necə görür, necə qəbul edir və nə qədər güvənir – bu PR-ın nəticəsidir.
SMM nədir? SMM (Social Media Marketing) – sosial media marketinqidir.
SMM-in əsas məqsədi sosial platformalar vasitəsilə auditoriyanı cəlb etmək və satışın, müraciətlərin və xidmətə tələbatın artırılmasını təmin etməkdir.
SMM daha çox ölçülə bilən nəticələr üzərində işləyir: Neçə baxış oldu? Reklam neçə satış gətirdi? SMM daha çox kommersiya yönümlüdür.
PR və SMM arasındakı strateji fərq
Məqsəd fərqi
PR-in məqsədi – imici və reputasiyanı artırmaqdır.
SMM-in məqsədi – satış və müraciətləri artırmaqdır.
PR daha çox uzunmüddətli inam yaradır.
SMM isə qısamüddətli nəticə göstərir.
Zaman perspektivi
PR – uzunmüddətli strategiyadır.
SMM – kampaniya yönümlüdür.
Məsələn, PR illərlə formalaşır.
Amma SMM kampaniyası bir neçə həftəyə nəticə verə bilər.
Təsir mexanizmi
PR insanlarda emosional və psixoloji etibar yaradır.
SMM isə qərarverməni sürətləndirir.
Sadə dillə:
• PR deyir: “Bizə güvənə bilərsiniz.”
• SMM deyir: “İndi müraciət edin.”
Platforma fərqi
PR yalnız sosial şəbəkə deyil.
PR aşağıdakı istiqamətləri əhatə edir:
• Media ilə əlaqələr
• Press-relizlər
• Müsahibələr
• Konfrans və tədbirlər
• Sosial məsuliyyət layihələri
• Rəsmi açıqlamalar
• Canlı yayımlar
• TV-lərdə çıxışlar
Tibb sektorunda PR və SMM-in rolu
Tibb sahəsində bu fərq daha həssasdır. Çünki burada əsas məsələ satış yox, etibardır.
Əgər Tibb müəssisəsinin reputasiyası güclü deyilsə, nə qədər reklam edilsə də insanlar tərəddüd edə bilər.
Bu səbəbdən tibb sektorunda ilk mərhələdə PR üzərində ciddi iş aparılır:
• Həkimlərin ekspert mövqeyi formalaşdırılır
• Maarifləndirici çıxışlar təşkil olunur
• Media ilə əməkdaşlıq qurulur
• Şəffaf informasiya verilir
Bundan sonra SMM vasitəsilə bu güclü reputasiya üzərində müraciətlər artırılır.
PR olmadan SMM risklidir
Əgər təşkilatın imici zəifdirsə, SMM qısamüddətli nəticə versə də, davamlı uğur gətirməz.
Çünki insanlar ilk növbədə güvənmək istəyir.
PR etimadı qurur.
SMM həmin etimadı satışa çevirir.
Müqayisə cədvəli
PR SMM
İmici artırır Satışı artırır
Reputasiya qurur Müştəri cəlb edir
Uzunmüddətli təsir Qısamüddətli kampaniya
Etimad yaradır Aktivlik yaradır
Strateji kommunikasiya Marketinq aləti
Uğurlu kommunikasiya strategiyası üçün əvvəl etibar, sonra satış gəlməlidir.
Dilarə Zamanova
PR mütəxəssisi
Mərkəzi Gömrük Hospitalı

