“Qarabağın daş yaddaşı” fotomüsabiqəsi elan olunur

“Qarabağın daş yaddaşı” fotomüsabiqəsi elan olunur

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən “Qarabağın daş yaddaşı” fotomüsabiqəsi elan edilir. “Gilavar Foto Klubu” İctimai Birliyinin tərəfdaşlığı ilə təşkil olunan müsabiqə 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar keçirilir və işğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi-mədəni və dini abidələrimizə həsr olunub.

Müsabiqənin keçirilməsində əsas məqsəd həvəskar və peşəkar fotoqrafların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin zəngin tarixi-mədəni irsinə fərqli rakurslardan yanaşması və eyni zamanda, Qarabağ münaqişəsi zamanı dağıdılmış tarix və mədəniyyət abidələrimizə diqqət çəkməkdir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 30 sentyabr 2026-cı il tarixinədək qeyd olunan link  (https://forms.gle/CN4MPs4pV3Jhy95g8)  vasitəsilə qeydiyyatdan keçməli və fotoişlərini təqdim etməlidir.

Həm peşəkar, həm də həvəskar fotoqrafların iştirak edə biləcəyi müsabiqəyə hər iştirakçı maksimum 3 fotoiş təqdim edə bilər. Fotolar rəngli və ya ağ-qara şəklində rəqəmsal formatda (jpeg formatında, 300 dpi) təqdim edilməli, fotoların uzun tərəfi 3000 piksel, ölçüsü isə 3 MB-dan çox olmamalıdır.

Təqdim olunan fotonun üzərində heç bir ad, simvol, loqo və ya su nişanı olmamalı, kəsim, rəng doyma, kəskinlik, toz və kontrast düzəltmə kimi məqbul müdaxilə xaricində heç bir manipulyasiya və dəyişiklik (süni intellektlə generasiya, kadrdakı obyektlərin yaradılması və ya dəyişdirilməsi, çəkilməmiş elementlərin əlavə olunması və s.) edilməməlidir.

Müsabiqəyə yalnız müəllif tərəfindən çəkilmiş fotolar qəbul edilir. Müəllifliyi təsdiqləmək üçün orijinal faylların təqdim edilməsi tələb oluna bilər. Hər hansı başqa bir şəxsin çəkdiyi və ya internetdən yüklənilən fotoların müsabiqəyə göndərilməsi qəti qadağandır.

Fotolar fotoaparat və ya mobil telefon vasitəsilə çəkilə bilər. Qeydiyyatdan keçib fotoişlərini təqdim etmiş şəxsin əlavə fotolarla təkrar müraciəti qəbul edilmir.

Yuxarıda qeyd olunan şərtlərə cavab verməyən fotoişlər müsabiqədə iştiraka buraxılmır.

Fərqlənən iştirakçılar sertifikatla, qaliblər isə aşağıda qeyd olunan diplom və pul mükafatı ilə təltif olunacaqlar.

I yer      - 1 mükafat               - I dərəcəli diplom və 500 manat pul mükafatı

II yer     - 1 mükafat               - II dərəcəli diplom və 400 manat pul mükafatı

III yer    - 1 mükafat               - III dərəcəli diplom və 300 manat pul mükafatı