Sahibkarlar bu halda 6 min manat cərimə ödəyəcək

Sahibkarlar bu halda 6 min manat cərimə ödəyəcək

Alış-veriş zamanı çeklərin təqdim edilməməsi və ya çekdəki QR-kodun satıcılar tərəfindən istifadə edilməsi halları ilə bağlı Dövlət Vergi Xidməti (DVX) tərəfindən araşdırmalar aparılır və vətəndaşların maarifləndirilməsi həyata keçirilir.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Qeyd olunub ki, hazırda ölkənin ticarət şəbəkələrində yeni nəsil e-kassa aparatlarından istifadə edilir:

“E-kassa nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş yeni növ proqram-aparat kompleksidir. E-kassa vasitəsi ilə alınmış və emal edilmiş çek məlumatlarının, habelə həyata keçirilən əməliyyatlar barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına ötürülməsi (köçürülməsi) təmin edilir”.

Dövlət Vergi Xidmətinin məlumatına görə, birmənalı olaraq vətəndaşlara kassa çekləri təqdim edilməlidir və bu, qanunvericiliyin tələbidir:

“Kassa çeklərinin təqdim edilməməsi, çekin təqdim edilməsindən imtina və yaxud POS terminallardan istifadədən imtina edilməsinə görə qanunvericilikdə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur. Nəzərinizə çatdırırıq ki, hesablaşma qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən, POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir”.

Xidmətdən o da bildirilib ki, belə halları müşahidə edən alıcılar vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla, qeyri-anonim olaraq Dövlət Vergi Xidmətinin saytının “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” altbölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər. Qeyd edilən hallar Vergi Məcəlləsinin 16-cı və 24-cü maddələri və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. (Kredit.az)