"SolarİX" MMC ilə "GAP Group" arasında memorandum imzalanıb
Alternativ enerji sahəsində fəaliyyət göstərən "SolarİX" MMC və onun satış brendi "volt.az", SolarEX İstanbul sərgisində iştirak edərək şirkəti beynəlxalq platformada uğurla təmsil edib.
Sərgi çərçivəsində əldə olunan strateji nailiyyətlərdən biri Türkiyənin aparıcı sənaye və enerji şirkətlərindən olan "GAP Group" ilə memorandumun imzalanması olub. Bu sənəd iki tərəf arasında uzunmüddətli və strateji əməkdaşlığın əsasını qoyur.
Bununla yanaşı, sərgi müddətində müxtəlif ölkələri təmsil edən şirkətlərlə bir sıra işgüzar görüşlər keçirilib, yeni tərəfdaşlıqlar üçün zəmin yaradılıb və əməkdaşlığın genişləndirilməsi istiqamətində ilkin razılaşmalar əldə olunub.
Sərgidə Çin, Almaniya, Türkiyə və İtaliya kimi ölkələri təmsil edən qabaqcıl istehsalçı və təchizatçılar iştirak edərək günəş enerjisi sahəsində ən son texnologiyalarını nümayiş etdiriblər.
SolarEX İstanbul sərgisi, beynəlxalq enerji sektorunun aparıcı iştirakçılarını bir araya gətirən, innovativ həllərin və müasir texnologiyaların təqdim olunduğu mühüm platforma kimi yadda qalıb.
"SolarİX" MMC gələcək fəaliyyətində bu beynəlxalq əlaqələrdən faydalanaraq Azərbaycanda alternativ və bərpa olunan enerji sektorunun inkişafına töhfə verməyi, eyni zamanda qabaqcıl texnologiyaların tətbiqini daha da genişləndirməyi hədəfləyir.



