Temu bağlamalarının çatdırılması niyə gecikir? - AÇIQLAMA
Azərbaycanda elektron ticarət vasitəsilə sifariş edilən malların çatdırılma müddətinin uzanması ilə bağlı narazılıqlar fonunda gömrük orqanları yük axınındakı kəskin artımı yoxlama və təhlükəsizlik prosedurları ilə izah edib.
Milli Məclisin deputatı Əli Məsimli bildirib ki, vətəndaşların xaricdən onlayn sifariş etdiyi məhsulların çatdırılma müddəti əvvəl bir həftə olduğu halda son dövrlərdə 2–3 həftəyə qədər uzanıb. Onun sözlərinə görə, bu vəziyyət istehlakçılar arasında narazılıq yaradıb.
Gömrük Komitəsinin sədri Şahin Bağırov isə parlamentdə çıxışı zamanı gecikmələrin əsas səbəbi kimi elektron ticarət platformaları vasitəsilə ölkəyə daxil olan yük həcminin kəskin artmasını göstərib.
“Temu vasitəsilə yük axını birdən-birə artdı. Külli miqdarda - təxminən 400 tona yaxın yük daxil oldu. Bu həcmin yoxlanılması və hesablanması zaman tələb etdi,” – Bağırov bildirib. (Anews)
O əlavə edib ki, gömrük orqanları risklərin qiymətləndirilməsi çərçivəsində malları yoxlamalıdır.
“Qadağan olunmuş malların ola biləcəyi ehtimalı nəzərə alınaraq balanslı yanaşma tətbiq edildi", - o əlavə edib.
Gömrük rəsmisi gecikmələrin təhlükəsizlik və nəzarət prosedurları ilə bağlı olduğunu qeyd edərək, vəziyyətin yük axını sabitləşdikcə normallaşacağını bildirib.


