Xocalı Soyqırımı Memorialı faciə həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması üçün xüsusi əhəmiyyət daşıyır

Xocalı Soyqırımı Memorialı faciə həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması üçün xüsusi əhəmiyyət daşıyır

Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yalnız tarixi ədalətin bərpası deyil, həm də gələcəkdə belə cinayətlərin təkrarlanmaması üçün mühüm əhəmiyyət daşıyır.

Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi beynəlxalq hüquq müstəvisində öz ədalətli qiymətini almalıdır. Bu məqsədlə Azərbaycan dövləti ilə yanaşı, ictimai institutlar, qeyri-hökumət təşkilatları və diaspor qurumları uzun illərdir ardıcıl fəaliyyət göstərirlər. Ölkə başçısı cənab İlham Əliyevin 26 fevral tarixində Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu istiqamətdə xüsusi xidmətləri ilə seçilən qurum kimi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanmışdır. Bildiyimiz kimi Fond yarandığı ilk dövrdən etibarən Xocalı həqiqətlərinin dünyaya çatdırılmasını prioritet istiqamətlərdən biri kimi müəyyən etmiş və bu məqsədlə geniş beynəlxalq təşəbbüslərlə çıxış etmişdir.

Bu təşəbbüslərin ən mühümü isə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası olmuşdur. Kampaniya Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilmiş və qısa müddətdə beynəlxalq miqyasda geniş rezonans doğurmuşdur. Son iyirmi il ərzində kampaniya çərçivəsində dünyanın müxtəlif regionlarında yüzlərlə tədbir keçirilmiş, parlamentlərdə dinləmələr təşkil olunmuş, nüfuzlu beynəlxalq təşkilatlarda təqdimatlar baş tutmuşdur. Bir çox ölkələrin paytaxtlarında Xocalı faciəsini əks etdirən foto-sərgilər, sənədli film nümayişləri, konfrans və simpoziumlar təşkil olunmuş, elmi və publisistik nəşrlər hazırlanaraq geniş auditoriyaya təqdim edilmişdir. Bu tədbirlər nəticəsində Xocalı haqqında məlumatlılıq səviyyəsi artmış, hadisələrin mahiyyəti barədə obyektiv təsəvvür formalaşmağa başlamışdır.

Möhtərəm Prezident çıxışında qeyd etmişdir ki, uzun müddət Ermənistan və onun himayədarları bu qanlı hadisəni gizlətməyə, faktları təhrif etməyə və informasiya müharibəsi vasitəsilə məsuliyyəti Azərbaycan tərəfinin üzərinə yönəltməyə çalışmışlar. Lakin Azərbaycan dövlətinin məqsədyönlü siyasəti, diaspor qurumlarının fəaliyyəti və xüsusilə Heydər Əliyev Fondunun ardıcıl təşəbbüsləri bu təbliğatın təsirini zəiflətmiş, həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfə vermişdir. Məhz bu səylərin nəticəsi olaraq artıq bir sıra dövlətlər və beynəlxalq təşkilatlar Xocalı hadisələrini soyqırımı kimi tanımış, bir çox ölkələrin parlamentləri faciə ilə bağlı qətnamələr qəbul etmişdir.

Bu prosesin davam etdirildiyi, Xocalı qurbanlarının xatirəsinin beynəlxalq hüquqi müstəvidə tanıdılması istiqamətində işlərin bundan sonra da gücləndiriləcəyi vurğulanmışdır. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yalnız tarixi ədalətin bərpası deyil, həm də gələcəkdə belə cinayətlərin təkrarlanmaması üçün mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, Heydər Əliyev Fondunun fəaliyyəti təkcə humanitar təşəbbüs deyil, həm də milli yaddaşın qorunmasına və beynəlxalq ədalətin təmininə yönəlmiş strateji missiya kimi qiymətləndirilir.

Ruhəngiz Nəcəfova;
Neftçala rayonu