Yeni 124 dövlət standartı layihəsi hazırlanıb
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilmiş “İstehlak malları” Standartlaşdırma üzrə Texniki Komitənin ilk iclası keçirilib.
Bu barədə BusinessTime AZSTAND-a istinadən xəbər verir.
İclasda AZSTAND-ın nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun, eləcə də “Azersun Holding” MMC-nin və digər aidiyyəti təşkilatların təmsilçiləri iştirak ediblər.
İclas zamanı Texniki Komitənin üzvlüyünə yeni namizədlərin irəli sürülməsi və onların namizədliklərinin səsverməyə çıxarılması məsələləri müzakirə edilib.
Bununla əlavə, hazırlanmaqda olan “Uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş məhsulların təhlükəsizliyi haqqında”, “Qablaşdırmanın təhlükəsizliyi haqqında” və “Yüngül sənaye məhsullarının təhlükəsizliyi haqqında” milli texniki reqlamentlərin əsas tələblərinin təmin edilməsi məqsədilə istinad standartları kimi tətbiqi nəzərdə tutulan 124 yeni dövlət standartı layihəsi müzakirə olunub. Müzakirələr zamanı standart layihələri ilə bağlı iştirakçıların rəy və təklifləri dinlənilib, sənədlərin təkmilləşdirilməsi istiqamətində müvafiq məsələlər nəzərdən keçirilib.
Yekunda 124 dövlət standartı layihəsinin qəbulu üçün AZSTAND-a təqdim olunması barədə müvafiq qərar qəbul edilib.
Məlumat üçün qeyd edək ki, “İstehlak malları” standartlaşdırma üzrə Texniki Komitə AZSTAND-ın nəzdində yaradılıb. Komitənin əsas məqsədi məişətdə istifadə olunan qeyri-ərzaq məhsulları, şəxsi istifadə vasitələri, ev və məişət ləvazimatları, plastik, kağız və karton məmulatları, məktəb və dəftərxana ləvazimatları, qablaşdırma materialları və digər istehlak malları sahəsində dövlət, beynəlxalq, regional və dövlətlərarası standartların hazırlanması prosesində maraqlı tərəflərin fəal iştirakını təmin etməkdir.


