Yeni Klinikada “UpToDate” platformasının istifadəsinə start verilib
Azərbaycanda ilk dəfə Yeni Klinikada sübutlu təbabətə əsaslanan dünyanın aparıcı rəqəmsal platformalarından biri olan “UpToDate” klinik qərarların qəbulu üçün innovativ alət kimi təqdim edilib və onun sınaq mərhələsində istifadəsinə start verilib.
Görüşdə Yeni Klinikanın direktoru Barat Yusubov, “UpToDate” platformasının yaradıcısı və təminatçısı olan “Wolters Kluwer” şirkətinin regional nümayəndəsi, tibbi innovasiyalar üzrə ekspert xanım Vildan Kandur Stanio, platformanın Azərbaycanda rəsmi təmsilçisi “Ezgil Medical Technologies” şirkətinin milli koordinatoru Kəmalə Aşumova və İnnovativ tibbi texnologiyalar proqramının rəhbəri İslam Abduləzimov iştirak ediblər.
Barat Yusubov Yeni Klinikada tibbi texnologiyaların inkişaf etdirilməsi və tətbiqi, həmçinin klinik protokol və müasir tibbi tövsiyələrin təşviqi istiqamətində həyata keçirilən işlər barədə geniş məlumat verərək rəhbərlik etdiyi tibb müəssisəsində sübutlu təbabət prinsiplərinə əsaslanan yanaşmaların tətbiqinin prioritet istiqamətlərdən olduğunu bildirib.
Vildan Kandur Stanio “UpToDate” platformasının yenilikləri, Ekspert Aİ - süni intellekt əlavəsinin üstünlükləri, funksional imkanları və praktik tətbiq sahələri barədə danışıb. O bildirib ki, “UpToDate” sübutlu təbabətə əsaslanan tibbi məlumat bazasına çıxışı təmin etməklə yanaşı, həkimlərə klinik qərarvermə prosesində dəstək göstərir, diaqnostika və müalicə planlarının daha dəqiq və effektiv şəkildə qurulmasına imkan yaradır.
Qeyd olunub ki, yaxın zamanda portalın Ekspert Aİ əlavəsinin Azərbaycandakı istifadəçilər üçün də əlçatan olması planlaşdırılır ki, bu da yerli səhiyyə mütəxəssislərinin, xüsusilə də həkimlərin, tibb bacılarının və həkim-rezidentlərin ən müasir tibbi bilik və innovativ həllərə çıxış imkanlarını daha da genişləndirəcək.
Görüş çərçivəsində iştirakçılar platformanın praktiki istifadəsi ilə tanış olub, onları maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparıblar. Bildirilib ki, bu kimi innovativ texnologiyaların tətbiqi səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, pasiyent məmnuniyyətinin artırılmasına və müasir tibbi yanaşmaların genişləndirilməsinə mühüm töhfə verəcək.
Qeyd edək ki, “UpToDate” platforması səhiyyədə rəqəmsal transformasiyanın sürətləndirilməsi, tibbi biliklərin əlçatanlığının artırılması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından geniş imkanlar yaradır.
“UpToDate” alətinin məhz Yeni Klinikada tətbiqi həm pasiyentlərə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəlməsinə, həm də ümumilikdə ölkə səhiyyəsinin inkişafına mühüm töhfə verəcək.



