10 ayda Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 14,6 faiz artıb

Yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 254 milyon ABŞ dollarına çatıb. Azərbaycanın Gürcüstanın xarici ticarətində payı 5,4 faiz olub.

10 ayda Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 14,6 faiz artıb
Foto: Gürcüstanın Milli Statistika İdarəsi

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi illik müqayisədə 14,6 faiz artaraq 1 milyard 254 milyon ABŞ dolları təşkil edib. Bu barədə BusinessTime Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

İdarənin ilkin hesabatına əsasən, Azərbaycanın qonşu ölkənin xarici ticarətində payı 5,4 faiz olub. Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşları arasında Türkiyə, Çin, Rusiya və ABŞ-dan sonra beşinci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstandan Azərbaycana 648 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz çoxdur. Azərbaycan 9,4 faiz payla Gürcüstanın ixrac tərəfdaşları arasında Qırğızıstan və Çindən sonra üçüncü olub.

Gürcüstanın Azərbaycandan idxalı isə illik müqayisədə 19,5 faiz artaraq 606 milyon ABŞ dollarına çatıb. Azərbaycan 3,7 faiz payla qonşu ölkənin idxal tərəfdaşları arasında altıncı yeri tutub. İlk beşlikdə Türkiyə, Çin, ABŞ, Rusiya və Almaniya yer alıb.

Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 10 ayda 9,6 faiz artaraq 23,1 milyard ABŞ dolları təşkil edib. Bunun 6,87 milyard ABŞ dolları ixracın, 16,20 milyard ABŞ dolları isə idxalın payına düşüb.