"Samsung", "Micron" və "SK hynix"ə qarşı antiinhisar iddiası davam edəcək
ABŞ-da federal hakim üç yaddaş çipi istehsalçısının antiinhisar iddiasına xitam verilməsi tələbini rədd edib. Şirkətlər DRAM təklifini süni məhdudlaşdırmaqda ittiham olunur.
ABŞ-ın Kaliforniya ştatında federal hakim noyabrın 14-də "Samsung", "Micron" və "SK hynix"ə qarşı DRAM bazarı ilə bağlı kollektiv antiinhisar iddiasına xitam verilməsi tələbini rədd edib. Bu barədə BusinessTime "LitNews"ə istinadən xəbər verir.
İddiaçılar şirkətləri yaddaş çiplərinin təklifini süni şəkildə məhdudlaşdırmaq üçün sövdələşməkdə ittiham edirlər. Hakim Noel Vays şikayətdə qanunsuz razılaşma ehtimalını əsaslandıran iddiaların yer aldığı qənaətinə gəlib. Qərar şirkətlərin təqsirli sayılması demək deyil və işə baxılmasının davamına imkan verir.
İddia 2026-cı il iyunun 25-də beş ştatdan olan 17 istehlakçı və kiçik biznes nümayəndəsi tərəfindən qaldırılıb. Şikayətə görə, üç istehsalçının 2025-ci ilin üçüncü rübündə qlobal DRAM gəlirlərindəki ümumi payı 91 faizdən çox olub.
İddiada şirkətlərin 2022-ci ilin sonlarında adi yaddaş istehsalını azaltmağa başladığı bildirilir. Onların 2023-cü ildə istehsal güclərini yüksək bant genişlikli yaddaşa (HBM) yönəltdiyi və nəticədə adi DRAM qiymətlərinin 18 ayda 697 faiz artdığı iddia olunur. HBM-in hər giqabaytı üçün standart DDR5 yaddaşla müqayisədə üç-dörd dəfə çox silisium lövhə sahəsi tələb edilir.
Şirkətlər qərarlarını süni intellektə artan tələblə əlaqələndiriblər. Məhkəmə isə şikayətdə bazardakı adi davranışdan kənara çıxan əlaqələndirilmiş addımlara dair iddiaları nəzərə alıb. İstehsalçılar şikayətə rəsmi cavablarını 2026-cı il dekabrın 7-dək təqdim etməlidirlər. İş üzrə ilkin iclas 2027-ci il yanvarın 12-nə təyin olunub.


