İtaliya "Meta"nı qalereyaya icazəsiz girişə görə 805 milyon avro cərimələyib

İtaliyanın məlumatların mühafizəsi qurumu "Facebook"un istifadəçilərin qalereyasına açıq razılıq olmadan daxil olduğunu müəyyən edib. "Meta" qərardan şikayət verməyi planlaşdırır.

İtaliya "Meta"nı qalereyaya icazəsiz girişə görə 805 milyon avro cərimələyib
Foto: The Hacker News

İtaliyanın məlumatların mühafizəsi qurumu ötən gün "Meta"nı istifadəçilərin telefon qalereyasına açıq razılıq olmadan girişə görə 805 milyon avro cərimələyib. Bu barədə BusinessTime "The Hacker News"ə istinadən xəbər verir.

Qurumun araşdırması "Facebook"un "Android" tətbiqində foto və videoların paylaşım üçün təklif edilməsi funksiyasını əhatə edib. Tənzimləyici müəyyənləşdirib ki, funksiya ilkin olaraq aktiv vəziyyətdə olub. Tətbiq isə istifadəçilərin açıq razılığı olmadan onların foto və videolarına, eləcə də əlaqəli metadatalara daxil olub.

Qərara əsasən, "Meta" 60 gün ərzində funksiyanı ilkin ayarlarda söndürməli və onun üçün ayrıca razılıq istəməlidir. Bu tələb daha əvvəl tətbiqə qalereyaya giriş icazəsi vermiş şəxslərə də aiddir. Şirkət funksiyanın məqsədini, qalereyaya daxil olduğunu və necə söndürüləcəyini də aydın izah etməlidir.

Şirkət 30 gün ərzində başladığı işlər, 90 gün ərzində isə gördüyü tədbirlər barədə quruma hesabat verməlidir. 60 günlük müddətə əməl olunmasa, etibarlı razılığı olmayan istifadəçilər üçün funksiya aktivləşdirilə bilməz.

"Meta" cəriməni qeyri-mütənasib hesab edir və qərardan şikayət verməyi planlaşdırır. Şirkətin sözlərinə görə, funksiya yalnız istifadəçi cihazında icazə verdikdən sonra işləyir və həmin icazə istənilən vaxt ayarlardan dəyişdirilə bilər.

Funksiya 2023-cü ildən mövcuddur. Araşdırma isə istehlakçıların müdafiəsi qrupunun şikayətindən sonra 2025-ci ilin iyulunda başlayıb. Cərimə şirkətlər qrupunun qlobal gəlirinin təxminən 0,47 faizinə bərabərdir. Qurum məbləği müəyyənləşdirərkən İtaliyada təxminən 20 milyon "Android" istifadəçisinin əhatə olunduğunu da nəzərə alıb.

Araşdırma qalereya məzmununun süni intellekt modellərinin təlimində istifadə edilib-edilmədiyini əhatə etməyib. Şirkət belə istifadənin olduğunu inkar edir.