İcbari tibbi sığortaya 2027-ci ildə dövlət büdcəsindən 1,1 milyard manat ayrılacaq

2027-ci ildə icbari tibbi sığortaya dövlət büdcəsindən ayrılması planlaşdırılan vəsait 200 milyon manat artırılır. Fondun ümumi gəlirləri 2 milyard 257 milyon manat proqnozlaşdırılır.

İcbari tibbi sığortaya 2027-ci ildə dövlət büdcəsindən 1,1 milyard manat ayrılacaq
Foto: Azpost.info

Azərbaycanda 2027-ci ildə əhalinin dövlət hesabına icbari tibbi sığortalanması üçün dövlət büdcəsindən 1,1 milyard manat ayrılması planlaşdırılır. Bu barədə BusinessTime "Azpost.info"ya istinadən xəbər verir.

Nəzərdə tutulan vəsait 2026-cı ilin təsdiq edilmiş göstəricisindən 200 milyon manat və ya 22,2 faiz çoxdur. İcbari Tibbi Sığorta Fondunun 2027-ci il üzrə ümumi gəlirləri isə 2 milyard 257 milyon manat proqnozlaşdırılır.

Gəlirlərin 1 milyard 142 milyon manatının icbari tibbi sığorta haqları hesabına formalaşacağı gözlənilir. Bu məbləğ fondun proqnozlaşdırılan gəlirlərinin 50,6 faizini təşkil edir.

Fondun ümumi xərclərinin 2 milyard 980 milyon manata çatacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiqlənmiş göstəricisindən 358,7 milyon manat və ya 13,7 faiz çoxdur. Xərclərin 2 milyard 565 milyon manatının tibb müəssisələrinə icbari tibbi sığorta ödənişlərinə və tibb heyətinin əməkhaqqına yönəldilməsi planlaşdırılır.

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayı tətbiqin başlanğıcındakı 1829-dan hazırda 3318-ə çatıb. 2027-ci ildən arterial hipertenziyanın müalicəsində istifadə olunan dərmanların resept əsasında sığorta təminatına daxil edilməsi, sümük iliyi transplantasiyası üzrə illik limitin isə 20-dən 50-yə artırılması nəzərdə tutulur.

Bundan başqa, koxlear implantasiya əməliyyatı keçirmiş şəxslərin nitq prosessorunun yenilənməsi, əvəzlənməsi və tənzimlənməsi üzrə xidmətlər Xidmətlər Zərfinə əlavə edilib.