Naxçıvanın 2023–2027-ci illər üzrə inkişaf proqramının icrası müzakirə edilib
Əlaqələndirmə Qrupunun onlayn iclasında Naxçıvanda biznes və investisiya mühiti, sənaye potensialı və ixraca dəstək məsələləri müzakirə olunub.
Naxçıvanın 2023–2027-ci illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icra vəziyyəti Əlaqələndirmə Qrupunun onlayn iclasında müzakirə edilib. Bu barədə BusinessTime İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
İclasda muxtar respublikada biznes və investisiya mühitinin yaxşılaşdırılması, sənaye potensialının inkişafı məsələlərinə baxılıb. Dövlət Proqramının 2025-ci il üzrə icrasına dair monitorinq və qiymətləndirmənin nəticələri də təqdim olunub.
Müzakirələrdə Naxçıvanda tətbiq edilən güzəşt və dəstək mexanizmləri, “Naxçıvan azad iqtisadi zonası haqqında” qanun layihəsi nəzərdən keçirilib. İştirakçılar Naxçıvan Sənaye Parkının yaradılması istiqamətində görülən işləri də müzakirə ediblər. Muxtar respublikada istehsal olunan malların ixracına və ölkə daxilində daşınmasına dəstək mexanizmlərinin əhəmiyyəti vurğulanıb.
İclasda prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyinin, muxtar respublikanın Nazirlər Kabinetinin və aidiyyəti nazirliklərin nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının Mərkəzi Bankı, Dövlət Gömrük Komitəsi, Dövlət Turizm Agentliyi, SOCAR və digər qurumlar da təmsil olunub. Əlaqələndirmə Qrupunun üzvlərinin rəy və təklifləri dinlənilib.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibinə daxil olan Əlaqələndirmə Qrupu İqtisadiyyat Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərir. Qrup Dövlət Proqramının Tədbirlər Planında nəzərdə tutulan işlərin daha səmərəli və keyfiyyətli icrası məqsədilə yaradılıb.


