Perinatal Mərkəzdə yanğın olub
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən qısa vaxtda söndürülüb.
Bu barədə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev məlumat verib.
Onun sözlərinə görə, yanğın Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində baş verib. Yanğın bir otaqda 35 kvadratmetr sahəni əhatə edib. Binanın dörd və üçüncü mərtəbələrindəki pasiyent və personal təxliyə olunub.
Vurğulanıb ki, hadisənin ilkin səbəbi hələlik bəlli deyil. Hazırda araşdırmalar aparılır.