ADRA-da ərazi reklam idarələrinin hesabat iclasi keçirilib

ADRA-da ərazi reklam idarələrinin hesabat iclasi keçirilib

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) 2026-cı ilin birinci rübünə dair hesabat iclası keçirilib. ADRA-nın İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun rəhbərliyi ilə baş tutan iclasda ərazi reklam idarələrinin fəaliyyəti müzakirə olunub, görülən işlər və qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Hesabat dövründə açıq məkanda reklamların estetik görünüşünün yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr xüsusi vurğulanıb. Qeyd olunub ki, şəhər mühitinin vizual ahənginin qorunması və reklam daşıyıcılarının müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.

İclasda dövlət dilinin qorunması və düzgün istifadəsi ilə bağlı aparılan təşviqat kampaniyasının nəticələri də müzakirə edilib. Bildirilib ki, reklam mətnlərində Azərbaycan dilinin normalarına riayət olunması istiqamətində nəzarət mexanizmləri gücləndirilib, sahibkarlar arasında maarifləndirmə işləri genişləndirilib.

Bununla yanaşı, müasir reklam qurğularının təşviqi istiqamətində görülən işlər diqqətə çatdırılıb. Qeyd olunub ki, innovativ və texnoloji həllərin tətbiqi açıq məkandakı reklam sektorunun inkişafına müsbət təsir göstərir və şəhər infrastrukturuna əlavə estetik dəyər qatır. İclasda həmçinin beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqinin əhəmiyyəti vurğulanıb. Sonda qarşıdakı dövr üçün prioritet istiqamətlər müəyyənləşdirilib və müvafiq tapşırıqlar verilib.