Azərbaycanın 12 şirkətinin məhsulları Çində idxal sərgisində nümayiş olunur
Şanxayda keçirilən 9-cu Çin Beynəlxalq İdxal Sərgisində Azərbaycan ölkə və kommersiya stendləri ilə təmsil olunur. Sərgidə investisiya layihələri və yerli ərzaq məhsulları təqdim edilir.
Azərbaycan Şanxayda keçirilən 9-cu Çin Beynəlxalq İdxal Sərgisində ölkə və kommersiya stendləri ilə təmsil olunur. Bu barədə BusinessTime İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Sərgidə Azərbaycanın iştirakı İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilib. Tədbirə Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyi dəstək göstərir.
Ölkə stendində Azərbaycanın iqtisadi inkişafı, turizm imkanları, biznes və investisiya mühiti haqqında məlumatlar verilir. Burada potensial investisiya layihələri və tematik videoçarxlar da təqdim olunur. Azərbaycan mədəniyyətinin tanıdılması üçün milli geyimlər və mətbəx də daxil olmaqla qeyri-maddi mədəni irs nümunələri nümayiş etdirilir.
“Made in Azerbaijan” stendində 12 Azərbaycan şirkətinin və “İstisu” mineral su zavodunun məhsulları yer alıb. Təqdim olunan məhsullar arasında şərab, digər alkoqollu və alkoqolsuz içkilər, qənnadı və un məmulatları, konservləşdirilmiş məhsullar və digər ərzaq malları var.
Stenddə yerli şirkətlərin nümayəndələri ilə xarici tərəfdaşlar arasında işgüzar müzakirələr üçün şərait yaradılıb. Sərgi Çinin Ticarət Nazirliyi, Şanxay Xalq Hökuməti və Çin Beynəlxalq İdxal Sərgi Bürosu tərəfindən təşkil olunur.


