AQC "Kashalata" kafedə sosial layihə həyata keçirib
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin üzvləri və departament rəhbərləri sosial məsuliyyət yönümlü layihə çərçivəsində ölkədə fəaliyyət göstərən ilk inklüziv kafelərdən biri olan “Kaşalata”da olublar.
Tədbir zamanı nümayəndə heyəti xüsusi inkişaf özəlliyi olan gənclərin çalışdığı kafedə yaradılan şəraitlə yaxından tanış olub, gənclərin öz əlləri ilə hazırladığı şirniyyatların dadına baxıb. Görüş səmimi və isti atmosferdə keçib, qonaqlar gənclərlə ünsiyyət quraraq onlarla birlikdə vaxt keçiriblər.
AQC sədri Vüqar Oruc da çıxışında layihənin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, inklüzivlik yalnız sosial təşkilatların deyil, bütün qurumların diqqət mərkəzində olmalı olan məsələdir. Vüqar Oruc belə layihələrə dəstəyin davam etdiriləcəyini və AQC-nin sosial yönümlü təşəbbüslərdə fəal iştirak etməyə hazır olduğunu bildirib.
“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova çıxış edərək inklüziv cəmiyyətin formalaşdırılmasının vacibliyindən danışıb. O bildirib ki, “Kaşalata” kafesi əlilliyi olan gənclərin yalnız məşğulluğuna deyil, eyni zamanda onların özünəinamının artmasına, sosial bacarıqlarının inkişafına və cəmiyyətə inteqrasiyasına xidmət edir.
Qeyd edək ki, “Birgə və Sağlam” İB-nin təşəbbüsü ilə təsis edilən “Kaşalata” kafesi əlilliyi olan gənclərin inklüziv mühitdə çalışmasına şərait yaratmaq məqsədi daşıyır. Üzeyir Hacıbəyli küçəsi, 57 ünvanında yerləşən kafedə ümumilikdə 20 gəncin məşğulluğu təmin olunub ki, onlardan 10 nəfəri əlilliyi olan gənclərdir.


