AQC strukturunda mühüm yenilənmə baş verib
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) strukturunda mühüm yenilənmə baş verib.
AQC İdarə Heyətinin sədri Vüqar Orucun müvafiq sərəncamı ilə cəmiyyətin Əmlak bazarının təhlili departamenti yaradılıb.
Departamentin rəhbəri vəzifəsinə tanınmış ekspert Firdovsi Xəlilov təyin olunub.
O, açıqlamasında qeyd edib ki, departament fəaliyyətini ölkənin aparıcı ekspertləri ilə sıx əməkdaşlıq şəraitində quracaq və əmlak bazarının nəbzi bu struktur vasitəsilə tutulacaq. “Hazırda AQC-də kifayət qədər ekspertlər toplaşıb. Biz ölkənin ən təcrübəli və peşəkar əmlak ekspertlərini vahid komandada birləşdirəcəyik. Bazarın analitik təhlilini fərdi rəylərlə deyil, kollektiv və elmi əsaslara söykənən ortaq mövqe ilə aparacağıq. Həmçinin əmlak bazarındakı cari vəziyyəti, qiymət dinamikasını və tələb-təklif meyillərini mütəmadi izləyəcəyik.
Həmçinin bazarda əsası olmayan və hesablanmamış məlumatların yox, informasiya və təhlil köklü araşdırmalar əsasında müəyyən edilmiş indekslərin təqdim edilməsi nəzərdə tutulur.
Bu təhlillər əsasında yaxın və uzaq gələcək üçün real inkişaf ssenarilərini əks etdirən proqnoz sənədləri və strateji hesabatlar hazırlayacağıq.”
F. Xəlilov onu da əlavə edib ki, hazırlanacaq rəsmi hesabatlar və peşəkar rəy sənədlər aidiyyəti dövlət qurumlarına, bank-maliyyə sektoruna və investorlara təqdim olunacaq. “Məqsədimiz qərarverici orqanları və biznes subyektlərini doğru və dəqiq baza məlumatları ilə təmin etməkdir. Vətəndaşların və medianın əmlak bazarındakı süni qiymət manipulyasiyalarından qorunması, həmçinin dürüst məlumat alması üçün mütəmadi olaraq ictimaiyyətə hesabatlar açıqlayacağıq. Departamentimiz mətbuat üçün əsas və ən etibarlı informasiya mənbəyinə çevriləcək.”


