ASCO auditdən uğurla keçib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 2022-ci ildə əldə etdiyi ISO 37001 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartı üzrə sertifikatının etibarlılığı Böyük Britaniyanın "Lloyd’s Register" (LRQA) beynəlxalq təsnifat cəmiyyəti tərəfindən növbəti dəfə təsdiqlənib.
Bu qərar LRQA-nın audit xidməti tərəfindən ötən ilin 8–12 dekabr tarixlərində ASCO-da aparılan növbəti aralıq yoxlamaların nəticəsində qəbul edilib. Audit çərçivəsində şirkətin risklərin idarəedilməsi, hüquq, insan resurslarının idarəedilməsi, satınalma, ictimaiyyətlə əlaqələr, inzibati işlər və informasiya texnologiyaları sahələri üzrə fəaliyyəti qiymətləndirilib. Yekun nəticələrə əsasən, ASCO-da tətbiq olunan korrupsiyaya qarşı idarəetmə mexanizmlərinin ISO 37001 beynəlxalq standartının tələblərinə tam uyğun olduğu müəyyən edilib.
Qeyd edək ki, ASCO-da şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər görülür. Beynəlxalq standartın tələblərinin təmin edilməsi məqsədilə 2021-ci ildən qurum üzrə “Korrupsiyaya Qarşı Mübarizə Qaydaları” tətbiq olunur. Bununla yanaşı, ASCO üzrə korrupsiyaya qarşı mübarizə sahəsində 2014-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üzrə Korrupsiya ilə Mübarizəyə dair Təlimat” və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinə və daxili araşdırmaların aparılmasına dair Təlimat”, habelə 2015-ci ildə “Biznes Etikası Məcəlləsi” təsdiqlənib.


