AYNA tətbiqə başlayıb – sərnişinlər yolda, sürücülər isə çıxılmaz vəziyyətdə qalıb - ARAŞDIRMA
Sumqayıtdan Bakıya qayıtmaq istəyən vətəndaşlar taksi sifarişində çətinliklərlə üzləşdiklərini bildirirlər. Bu barədə anews.az-a şikayət edən vətəndaş bildirib.
Onun sözlərinə görə, yeni tətbiq edilən qaydalar səbəbindən taksi şirkətləri geri istiqamətdə sifariş qəbul etmir.
"Bir neçə gün öncə Sumqayıtdan Bakıya qayıtmaq üçün heç bir taksi tapmadım. Alternativ olaraq Sumqayıtda xidmət göstərən 2 taksi xidmətinə zəng etdim. Lakin onlar Bakıya getdiyimi eşitdikdən sonra sifarişdən imtina etdi. Beləcə 2 saata yaxın yolda vaxt itirmişəm. Burada mənim seçim etmək hüququm pozulub", - şikayətçi deyib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tətbiqinə başlanan qərara əsasən, taksi sürücüləri sərnişinləri Sumqayıt şəhərinə apara bilsələr də, oradan Bakı istiqamətində sərnişin götürə bilməzlər.
"Qanuna əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları yalnız buraxılış kartında göstərilən ərazi hüdudlarında həyata keçirilə bilər. Həmin tələblərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, sürücülər 50 manat məbləğində cərimə edilə bilər", - AYNA açıqlamasında bildirib.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı doğru icra edilmir.
"Qanunda göstərilir ki, taksi əsas fəaliyyətini icazənin verildiyi ərazidə göstərməlidir. Amma deyilmir ki, Bakıdan gedən sürücü Bakıya qayıdırsa Sumqayıtdan sərnişin götürə bilməz. Deməli, qanunu tətbiq edənlər və ya şərh edənlər yanlış şərh edirlər. Vergi və digər fəaliyyət sahələrində də belə yanaşma var: əsas fəaliyyət ünvanı müəyyən edilir, amma bu, digər ərazilərdə fəaliyyətin tam qadağan olunması anlamına gəlmir. Taksidə də belə olmalıdır . Bəli sürücü əsas fəaliyyətini Bakıda icra etməlidir . Amma Bakıdan Sumqayıta sərnişin aparırsa niyə oradan boş qayıtmalıdır? Və ya Qazaxa gedirsə niyə oradan Bakıya gələn sərnişini götürməməlidir", - o bildirib.
Ekspert vurğulayır ki, əksinə belə qadağanın qoyulması yollarda tıxac yarada bilər.
"Əksinə, boş qayıtmaq daha çox nəqliyyat yükü yaradır. Məsələn, Bakıdan Sumqayıta bir sərnişin aparan taksi boş qayıdır. Sumqayıtdan Bakıya gəlmək istəyən başqa bir sərnişin üçün isə ayrıca bir avtomobil hərəkətə başlayır. Bu isə real olaraq nəqliyyat sıxlığını artırır", - Hüseynov əlavə edib.

Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Oruc anews.az-a açıqlamasında bildirib ki, əgər məqsəd balans yaratmaqdırsa, bu balans real axın göstəricilərinə əsaslanmalıdır.
"Nəqliyyat məsələsi artıq yalnız texniki problem deyil. Bu, sosial-iqtisadi və hətta idarəetmə məsələsinə çevrilib. İnsanlar vaxt itkisi yaşayır, xərcləri artır, psixoloji gərginlik yaranır. Bu isə ümumi məhsuldarlığa və vətəndaş məmnuniyyətinə təsir göstərir. Bizim araşdırmalar göstərir ki, qərar geniş ictimai müzakirə aparılmadan tətbiq olunub. Halbuki bu kimi məsələlərdə vətəndaşlar, taksi şirkətləri və müvafiq qurumlar arasında açıq platformalarda davamlı dialoq aparılmalıdır. Qərarların statistik əsaslandırması ictimaiyyətə təqdim olunmalıdır: gündəlik Sumqayıt-Bakı marşrutu üzrə nə qədər sifariş var? Bu qərar real olaraq nə qədər nəqliyyat vasitəsinin sayına təsir edir? Boş qayıdan avtomobillərin sayı nə qədərdir? Əgər məqsəd balans yaratmaqdırsa, bu balans real axın göstəricilərinə əsaslanmalıdır. Əks halda, qərar vətəndaş məmnuniyyətsizliyinə və əlavə nəqliyyat yükünə səbəb olur.
Deputat vurğulayır ki, əgər məram tıxacın qarşısını almaqdırsa, mövcud tətbiq əksinə problemi daha da dərinləşdirə bilər. Çünki sərnişin alternativ axtarır, başqa taksi çağırır və nəticədə nəqliyyat sıxlığı artır.
"Düşünürəm ki, məsələ yenidən qiymətləndirilməli, statistik əsaslarla təhlil edilməli və ictimai müzakirəyə çıxarılmalıdır. Ən başlıcası isə vətəndaş məmnuniyyəti prioritet olmalıdır", - Zahid Oruc əlavə edib.
Şikayətçinin dediklərini yoxlamaq üçün olduğumuz ünvandan Sumqayıt ərazisinə bir neçə mobil tətbiq vasitəsilə taksi sifariş etdik.
Gediş haqqı Bakıdan Sumqayıta 22 manat ödəniş yazılsa da yaxınlıqda olan taksilər sifarişi götürməkdən imtina etdi.
Sifarişi təsdiq edən digər sürücü isə zəng edərək ünvanın yerini Sumqayıt olduğunu öyrədikdən sonra imtina etməsini xahiş etdi. O bildirdi ki, Sumqayıta getdikdən sonra boş qayıtmağa məcbur olacaq.
"Sifarişi ləğv etməyinizi xahiş edirəm. Yeni qaydalar var. Sumqayıta daxil olan kimi sistem bizi bloklayır. Geri qayıdanda sifariş qəbul edə bilmirikş Bizə sərf etmir", - sürücü bildirib.
Bu məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyat Agentliyinə də sorğu göndərdik. Votsap vasitəsilə ünvanladığımız sorğuya cavab olaraq AYNA-dan bildirdilər ki, Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanununun (Qanun) 20.2-ci maddəsinə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilən ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir.
"Belə ki, taksi minik avtomobili ilə sərnişin daşıma xidməti göstərən şəxslər sifarişləri yalnız buraxılış kartında göstərilən inzibati-ərazi vahidlərində qəbul etməlidir. Lakin buraxılış kartında göstərilən ərazi hüdudundan kənar sifarişin götürülməsi qadağandır", - cavabda bildirilir.
AYNA rəsmiləri iddia edir ki, bu yanaşma bir çox kvota sistemi tətbiq olunan dünya şəhərlərində bu formada tətbiq olunur və "hazırda dəyişdirilə bilməz. Məqsəd qanundan yayınma hallarının qarşısını almaq və ədalətli fəaliyyət imkanı yaratmaqdır".
AYNA rəsmilərinin dediyi model – yəni ərazi üzrə icazə (zone-based licensing) və kvota sistemi – dünyada doğrudan da mövcuddur. Amma praktik tətbiq forması ölkədən-şəhərdən şəhərə fərqlənir və çox vaxt tam qadağa deyil, tənzimləmə mexanizmi şəklində olur.
London
London taksiləri (black cab) xüsusi lisenziya ilə fəaliyyət göstərir. Əsas fəaliyyət ərazisi var. Amma sərnişini başqa şəhərə aparıb geri qayıdarkən sifariş götürmək qadağan deyil. Qadağa daha çox qeyri-lisenziyalı fəaliyyətə aiddir. Yəni ərazi prinsipi var, amma geri sərnişin götürmək avtomatik hüquq pozuntusu sayılmır.
Paris
Parisdə taksilər konkret departament üzrə qeydiyyatdan keçir. Digər zonada daşıma mümkündür. Lakin həmin zonada daimi fəaliyyət göstərmək olmaz. Geri qayıdarkən tətbiqlər vasitəsilə sifariş qəbuluna tam qadağa yoxdur. Məqsəd bazarın qorunmasıdır, amma sərnişin mobil tətbiq vasitəsilə taksi tapa bilir.
Nyu-York
NYC-də kvota sistemi var . Taksi şəhər daxilində fəaliyyət göstərir. Başqa ştata məsələn, New Jersey aparmaq mümkündür. Geri qayıdanda sistem bloklaması yoxdur, amma hüquqi status fərqli ola bilər (məsələn, pick-up qaydaları dəyişir). Yenə də əsas məqsəd kvota və bazar balansıdır, sərnişinin tam məhdudlaşdırılması deyil.
Bir sözlə AYNA haqlıdır ki, dünya şəhərlərində kvota sistemi var, ərazi üzrə lisenziya prinsipi tətbiq olunur, qanundan yayınmanın qarşısını almaq məqsədi daşıyır.
Amma fərq buradadır ki, əksər şəhərlərdə başqa zonaya sifarişlə gedib geri sərnişin götürmək tam bloklanmır. Hesab edilir ki, boş qayıtmalar ən azı ekoloji və iqtisadi baxımdan səmərəsizdir.

