Azərbaycanda daşınar əmlak üzrə reyestrə müraciətlər artır

Azərbaycanda daşınar əmlak üzrə reyestrə müraciətlər artır

Azərbaycanda daşınar əmlak üzərində yüklülüklərlə bağlı dövlət reyestrinə daxil edilən bildirişlərin sayı 2026-cı ilin ilk 8 ayında 158 485-ə çatıb. Ötən ilin eyni dövründə bu göstərici 115 839 idi. Beləliklə, bildirişlərin sayı bir ildə 42 646 ədəd və ya 36,8% artıb. bulleten

BusinessTime Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, təkcə avqust ayında reyestrə 16 899 bildiriş daxil edilib. Bu, iyuldakı 24 061 bildirişlə müqayisədə 29,8% az, 2025-ci ilin avqustundakı 14 756 bildirişlə müqayisədə isə 14,5% çoxdur.

Qeyd edək ki, bu reyestr daşınmaz əmlakı deyil, avtomobil xaricində müxtəlif daşınar aktivlər, mallar, avadanlıqlar, hüquqlar və digər əmlak üzərində girov və ya başqa yüklülüklərin qeydə alınmasına xidmət edir. Reyestrə daxil edilən “bildiriş” yalnız yeni girov demək deyil — bura yüklülüyün yaradılması ilə yanaşı ona dəyişiklik edilməsi, xitam verilməsi və etirazla bağlı qeydlər də daxildir.

Reyestr biznes üçün xüsusilə ona görə əhəmiyyətlidir ki, sahibkar daşınmaz əmlakı olmadan da müəyyən daşınar aktivlərini təminat kimi istifadə edə bilər. Mərkəzi Bank daha əvvəl bu mexanizmin sahibkarların, xüsusilə kiçik və orta biznesin maliyyəyə çıxışını genişləndirmək məqsədi daşıdığını bildirib.

Diqqətçəkən başqa göstərici reyestrdə aparılan axtarışların sayıdır. 2026-cı ilin yanvar-avqust aylarında bildirişlər üzrə 67,64 milyon axtarış aparılıb. Bir il əvvəl eyni dövrdə bu rəqəm cəmi 31,5 min idi. Təkcə avqustda axtarışların sayı 11,24 milyona çatıb.