Azərbaycanda qəbul edilən dövlət standartlarının sayı 3 dəfəyədək artıb

Azərbaycanda qəbul edilən dövlət standartlarının sayı

2026-cı ilin yanvar-iyun aylarında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən 293 yeni dövlət standartı qəbul edilib.

Agentliyin məlumatına görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə qəbul edilən standartların sayının 3 dəfəyədək artdığını göstərir.

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən 100 dövlət standartı qəbul edilib.

2026-cı ilin ilk altı ayında qəbul olunan standartların 43-ü mebel, 35-i nəqliyyat, 28-i uşaq malları, 21-i tikinti materialları, 9-u əməyin təhlükəsizliyi, 7-si idarəetmə və keyfiyyət, 36-sı maşınqayırma, 33-ü tekstil və dəri texnologiyası, 26-sı qida texnologiyası və kənd təsərrüfatı, 20-si informasiya və telekommunikasiya, 9-u energetika və elektrotexnika, 26-sı isə digər sahələr üzrə olub.

Agentliyin məlumatında bildirilib ki, yeni standartların tətbiqi məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, qabaqcıl texnologiyaların tətbiqinin təşviqinə və bazar subyektləri üçün rəqabət üstünlüyünün yaradılmasına imkan verir.