Sosial müavinətlərlə bağlı YENİLİK – Artım gözlənilir

Sosial müavinətlərlə bağlı YENİLİK

2027-ci ildə məcburi dövlət sosial sığortası hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına, 3 yaşınadək uşaqlara qulluğa görə, eləcə də dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 281 milyon manat vəsait nəzərdə tutulub.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında sosial büdcə zərfinin müzakirəsi zamanı komitənin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, bu, cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 38 faiz və ya 77 milyon manat çoxdur.

O qeyd edib ki, büdcənin bu istiqaməti üzrə nəzərdə tutulan 77 milyon manatlıq artım gələn il bir sıra sosial müavinətlərin məbləğinin yüksəldilməsinə imkan verəcək: “Belə ki, uşağın anadan olmasına görə müavinətin məbləğinin 600 manatdan 1500 manata, sığorta olunan şəxslərə 3 yaşınadək uşağa qulluğa görə ödənilən müavinətin 700 manatdan 936 manata, 3 yaşınadək uşağa qulluğa görə müavinətin isə 37 manatdan 100 manata çatdırılması proqnozlaşdırılır.

Sığorta olunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdiriləcək xərclər üçün 25 milyon manat vəsait nəzərdə tutulub”.