"Qualcomm" data mərkəzlərindən gəlirini 2029-cu ildə 15 milyarda çatdırmağı gözləyir

"Qualcomm" smartfon satışlarının azalması fonunda süni intellekt üzrə data mərkəzləri bazarında böyüməyi planlaşdırır. Şirkət bu sahənin gələcəkdə biznesinin 30 faizini təşkil edəcəyini gözləyir.

"Qualcomm" data mərkəzlərindən gəlirini 2029-cu ildə 15 milyarda çatdırmağı gözləyir
Foto: The Verge

"Qualcomm" 2026-cı ilin dördüncü rübünə dair maliyyə hesabatının müzakirəsində data mərkəzlərindən gəlirinin 2029-cu ildə 15 milyard ABŞ dollarına çatacağını proqnozlaşdırıb. Bu barədə BusinessTime "The Verge"ə istinadən xəbər verir.

Şirkət 2027-ci ilin birinci rübündə data mərkəzləri üzrə təxminən 650 milyon ABŞ dolları gəlir gözləyir. Proqnoza görə, bu göstərici 2027-ci ilin sonunadək 5 milyard ABŞ dollarına yüksələcək.

"Qualcomm" süni intellekt üçün data mərkəzləri bazarındakı planlarını bu ilin əvvəlində elan etdiyi tərəfdaşlıqlar əsasında qurur. Tərəfdaşlar arasında "Amazon" və "Meta" da var. Şirkət data mərkəzləri çiplərinin gələcəkdə biznesinin təxminən 30 faizini təşkil edəcəyini bildirib.

Data mərkəzləri istiqamətində genişlənmə planları smartfon satışlarının 2025-ci illə müqayisədə təxminən 20 faiz azalması fonuna təsadüf edir. Mənbənin məlumatına görə, "Qualcomm"un 2026-cı ildə ümumi gəliri 10,4 milyard ABŞ dolları olub. Sektorun digər iştirakçısı "AMD" isə gələcəkdə gəlirinin 80 faizindən çoxunun data mərkəzlərindən əldə ediləcəyini gözləyir.