“Dabur”un qlobal baş direktoru istefa verdi, şirkətin səhmləri ucuzlaşdı

Mohit Malhotranın istefası noyabrın 13-də qüvvəyə minəcək. Şirkətin səhmləri son bir ildə təxminən 25 faiz dəyər itirib.

“Dabur”un qlobal baş direktoru istefa verdi, şirkətin səhmləri ucuzlaşdı
Foto: Free Press Journal

“Dabur India”nın qlobal baş direktoru Mohit Malhotra şirkətdə 30 ildən çox çalışdıqdan sonra istefa verib. Bu barədə BusinessTime “Free Press Journal”a istinadən xəbər verir.

İste­fa noyabrın 13-də qüvvəyə minəcək. Malhotra yeni vəzifəsinin icrasına 2026-cı il noyabrın 16-da başlayacaq. Şirkət onun müvəqqəti əvəzləyicisini və yeni işəgötürənini açıqlamayıb.

Malhotra şirkətin sədri Mohit Burmana məktubunda beynəlxalq rəhbər vəzifəsini qəbul etdiyini və yeni peşəkar mərhələyə başlamaq üçün uyğun vaxtın çatdığını bildirib. “Dabur” Hindistan üzrə baş direktor Herjit Bhallanı əlavə direktor və icraçı direktor təyin edib.

Malhotra 2023-cü ilin avqustunda 2029-cu il yanvarın 30-dək beşillik müddətə yenidən baş direktor təyin olunmuşdu. O, 2026-cı ilin fevralında qlobal baş direktor vəzifəsinə keçib, Bhalla isə Hindistandakı fəaliyyətə rəhbərliyi üzərinə götürüb. İcraçı direktor P. D. Naranq beynəlxalq əməliyyatlar da daxil olmaqla qrupun bizneslərinə nəzarəti davam etdirəcək. Beynəlxalq əməliyyatlar gəlirin təxminən 30 faizini təşkil edir.

Şirkətin sentyabrın 30-da başa çatan ikinci rübdə konsolidə edilmiş mənfəəti təxminən 12 faiz artaraq 5,06 milyard Hindistan rupisinə çatıb. Bu, analitiklərin 4,98 milyard rupilik gözləntisindən yüksəkdir. Ümumi gəlir isə 12 faiz artaraq 35,63 milyard rupi olub.

Şəxsi qulluq məhsullarına və qablaşdırılmış qidalara sabit tələbat gəlirin artımını dəstəkləyib. Bununla belə, xammal xərclərinin yüksəlməsi mənfəət marjasına təzyiq göstərib. Şirkətin səhmləri son bir ildə təxminən 25 faiz dəyər itirib.