Ankarada investorlara Azərbaycanın biznes mühiti və güzəştlər təqdim edilib

Ankarada potensial investorlarla görüşlərdə Azərbaycanda investisiya imkanları, güzəşt və təşviq mexanizmləri müzakirə olunub.

Ankarada investorlara Azərbaycanın biznes mühiti və güzəştlər təqdim edilib
Foto: İqtisadiyyat Nazirliyi

Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsinin ofisi Ankarada potensial investorlarla görüşlər keçirərək ölkədəki biznes və investisiya imkanları barədə məlumat verib. Bu barədə BusinessTime İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Görüşlərdən biri Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) ilə birgə “Azərbaycana investisiya: təşviqlər və dəstək mexanizmləri” mövzusunda təşkil edilib. Tədbirdə Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev və MÜSİAD-ın Ankara filialının sədri Fatih Bilal Yülek çıxış ediblər. Görüşdə Azərbaycana investisiya imkanları haqqında məlumat verilib, iki ölkə arasında işgüzar əlaqələrin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

İştirakçılara Azərbaycandakı işgüzar mühit, investorlar üçün nəzərdə tutulan güzəştlər və təşviq mexanizmləri barədə təqdimat keçirilib. Tədbir zamanı iş adamlarını maraqlandıran suallar da cavablandırılıb.

İstehsala Əlavə Dəyər Qatanlar Dərnəyi (ÜKSAD) ilə birgə keçirilən digər görüşdə də sərmayədarlar üçün Azərbaycanda yaradılan imkanlar təqdim olunub. İştirakçılar mümkün tərəfdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıb və onları maraqlandıran suallara cavab alıblar. Görüşlər Azərbaycanın biznes və investisiya mühitinin Türkiyədə təşviqi və yeni əməkdaşlıqların qurulması istiqamətində aparılan işlər çərçivəsində təşkil edilib.