"Dilqəm Əhməd və Azərbaycan Mətbuatına dair tədqiqatları" kitabının təqdimatı keçirilib

"Dilqəm Əhməd və Azərbaycan Mətbuatına dair tədqiqatları" kitabının təqdimatı keçirilib
Martın 7-də “Libraff” mağazalar şəbəkəsinin tərəfdaşlığı ilə gənc tədqiqatçı Mehin Vəliyevanın müəllifi olduğu "Dilqəm Əhməd və Azərbaycan Mətbuatına dair tədqiqatları" kitabının təqdimat mərasimi keçirilib.
 
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə müəllif Mehin Vəliyeva çıxış edərək kitabın ərsəyə gəlməsi prosesi, aparılan araşdırmalar və istifadə olunan mənbələr haqqında məlumat verib. O bildirib ki, kitab 2023–2024-cü illər ərzində apardığı elmi araşdırmaların nəticəsi olaraq hazırlanıb.
 
Daha sonra tarixçi və tədqiqatçı Dilqəm Əhməd çıxış edərək kitabın Azərbaycan Xalq Cümhuriyyəti dövrünün öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb və müəllifin araşdırmasının mövzuya yeni baxış təqdim etdiyini qeyd edib. Tədbirdə həmçinin BDU Jurnalistika fakültəsinin dosenti Qərənfil Quliyeva çıxış edərək müəllifin universitet illərindən bu mövzuya göstərdiyi maraqdan və araşdırmanın elmi əhəmiyyətindən bəhs edib.
Digər çıxışçılar kitabın Azərbaycan Xalq Cümhuriyyəti tarixinin və mühacirət irsinin öyrənilməsi baxımından əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, nəşr yalnız elmi araşdırma kimi deyil, həm də milli tarixə və tarixi yaddaşa göstərilən ehtiramın ifadəsi kimi qiymətləndirilə bilər. Qeyd olunub ki, kitabın ideyası müəllifin universitet illərində seçdiyi diplom işi mövzusundan formalaşıb və sonrakı tədqiqatlar nəticəsində genişləndirilərək ayrıca nəşr halına gətirilib. Kitab Azərbaycan Xalq Cümhuriyyəti dövrü, mühacirət tarixi və həmin dövrün ədəbiyyatını əhatə edir. Nəşrdə dövrün ictimai-siyasi mühiti, mühacirətdə formalaşan fikir və ədəbi mühit, həmçinin milli ideyaların inkişafı müxtəlif mənbələr və elmi yanaşmalar əsasında təhlil olunub.
 
Sonda kitabın imzalanma mərasimi keçirilib, iştirakçılar müəlliflə xatirə şəkilləri çəkdiriblər.
 
1
1
1
1
1