Dosent Zöhrə Əliyeva Londonda keçirilən beynəlxalq kitab sərgisində iştirak edib

Dosent Zöhrə Əliyeva Londonda keçirilən beynəlxalq kitab sərgisində iştirak edib

10–13 mart 2026-cı il tarixlərində Londonda Beynəlxalq kitab sərgisi keçirilib. Tədbirdə dünya üzrə 1200-dən çox nəşriyyat və elmi-ədəbi təşkilatlar iştirak ediblər. Sərgi elm, nəşriyyat, akademik əməkdaşlıq və mədəni mübadilə sahəsində ən böyük beynəlxalq platformalardan biri olub.

Sərgidə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri f.ü.f.d, dos. Zöhrə Əliyeva iştirak edib.

Sərgidə Azərbaycanın elmi və mədəni irsinə İtaliya, Kanada, ABŞ, İngiltərə, Türkiyə, Almaniya və digər ölkələrin nəşriyyatları xüsusi maraq göstəriblər. Ümumilikdə təxminən on ölkə iştirak edib. Yeni peşəkar əlaqələr qurulub və perspektivli beynəlxalq əməkdaşlıq imkanları yaradılıb. Xarici nəşriyyat nümayəndələri Azərbaycan tədqiqatçılarının əsərlərini öz ölkələrində nəşr etməyə maraq göstərdiklərini və ilkin razılıqlar əldə etdiklərini bildiriblər.

14 mart tarixində Londonda Yunus Əmrə İnstitutunda XV əsrin böyük sufi filosofu Seyid Yahya Bakuvi haqqında sənədli film — «Sage in the Seclusion» («Xəlvətdə qalmış müdrük) nümayiş olunub. Film nümayişi filosofun irsi və onun İslam dünyasının mədəniyyətinə təsiri mövzusunda elmi konfransla müşayiət edilib.

Tədbirdə AMEA Fəlsəfə və Sosologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə açılış nitqi ilə (onlayn) çıxış edib.

Konfransda AMEA Fəlsəfə və Sosologiya İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri, f.ü.f.d. Zöhrə Əliyeva, professor Raşida Şiş (Sorbonna, Milli Elmi-Tədqiqat Mərkəzi, Fransa), professor Leyla Xəlifa (İordaniya), fəlsəfə doktoru Farida Seyidova (Azərbaycan), doktor Nil Vatson (İngiltərə) məruzələrlə çıxışlar ediblər.

Müzakirələrdə Seyid Yahya Bakuvi irsinin mədəniyyətlərarası dialoq və humanitar düşüncənin inkişafındakı əhəmiyyəti vurğulanıb.

Yunus Əmrə İnstitutunun rəhbərliyi tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və gələcəkdə oxşar elmi-mədəni layihələrin həyata keçirilməsinə hazır olduqlarını bildiriblər.

AMEA Fəlsəfə və Sosologiya İnstitutunun nümayəndələrinin beynəlxalq kitab sərgisində iştirakı və Londonda elmi-mədəni tədbirlər keçirməsi Azərbaycan elminin və mədəniyyətinin beynəlxalq səviyyədə təbliği, akademik əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.