Əkinçilik İnstitutu Aqrar Startaplar və İnnovasiya Forumunda iştirak edib
ADA Universiteti və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşəbbüsü ilə lV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib.
Forumdan öncə ADA Universitetinin rektoru Hafiz Paşayev, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, ölkənin aparıcı ali təhsil müəssisələrinin rektorları, Kənd Təsərrüfatı Nazirliyinin aidiyyatı qurumlarının, o cümlədən, elmi-tədqiqat institutlarının rəhbərləri və nümayəndələri aqrar startaplar sərgisi ilə tanış olublar. Forumda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) direktoru və əməkdaşları da iştirak ediblər.
Sərgidə ƏETİ-nin mandatına daxil olan bitki nümunələrinə aid müxtəlif nəşrlər, yumşaq və bərk buğda, arpa, vələmir, çəltik, çovdar və digər bitki nümunələrinin toxumları, o cümlədən, dərzlər, Əkinçilik Ensiklopediyası nümayiş olunub.
Sərgidə nümayiş olunan nümunələrə aid forum iştirakçılarını maraqlandıran suallar institutun əməkdaşları tərəfindən ətraflı olaraq cavablandırılıb.
Forumda 20-dək ali təhsil müəssisəsinin startap komandalarının hazırladığı layihələr, süni intellekt modulları nümayiş olunub. Rəsmi mərasimin yekununda qalib startapçılara mükafatlar təqdim olunub.
Forum daha sonra öz işini “Aqrar ekosistemin innovativ inkişafının perspektivləri” və “İnnovasiyaların formalaşdırılması və tətbiqində bilik və akademiyanın rolu” mövzusunda panel müzakirələrlə davam etdirib.


