Elşad Abbasovun BOKT-si banklardan aslılığı azaltmaq istəyir - 4 milyon borc axtarır

Elşad Abbasovun BOKT-si banklardan aslılığı azaltmaq istəyir

BOKT “Embafinans” QSC kapital bazarından 4 milyon manat vəsait cəlb etməyi planlaşdırır.

Şirkət hər birinin nominal dəyəri 10 manat olan 400 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz buraxacaq.  

İstiqrazlar üzrə illik gəlirlilik 13% müəyyən edilib. Faiz ödənişləri hər üç aydan bir həyata keçiriləcək. Qiymətli kağızların tədavül müddəti 12 ay olacaq, istiqrazların nominal dəyəri isə sonuncu kupon ödənişi ilə birlikdə qaytarılacaq. 

İstiqrazların ilkin yerləşdirilməsi abunə yazılışı formasında kütləvi təklif üsulu ilə Bakı Fond Birjasının ticarət platformasında həyata keçiriləcək. Buraxılışın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. 

“Embafinans” emissiyanın əsas məqsədlərindən birinin bank kreditlərindən asılılığın azaldılması olduğunu açıqlayıb. Şirkət istiqraz buraxılışı hesabına daha çevik və bank kreditləri ilə müqayisədə daha ucuz şərtlərlə maliyyə resursu cəlb etməyi nəzərdə tutur. Cəlb olunan vəsaitin, həmçinin kredit portfelinin dinamik inkişafına yönəldilməsi planlaşdırılır. 

İstiqrazlara abunə üzrə minimum məbləğ 10 manat müəyyən edilib, maksimum məbləğ üzrə isə məhdudiyyət yoxdur. 

Qeyd edək ki, “Embafinans” 2012-ci ildən fəaliyyət göstərir, nizamnamə kapitalı 10 milyon manatdır. Elşad Abbasov şirkətin səhmlərinin 86%-nə, Tamara Polyakova isə 14%-nə sahibdir. Elşad Abbasov eyni zamanda “Embawood”un təsisçilərindən biridir.

Plat.az