Ərbəin ziyarətinə getmək istəyənlərə ŞAD XƏBƏR!

Ərbəin ziyarətinə getmək istəyənlərə

Hər il Məhərrəm ayında ölkəmizdən minlərlə insan İmam Hüseynin (ə) və onunla birlikdə şəhid olmuş Əhli-beyt (ə) tərəfdarlarının qırx mərasimində iştirak etmək üçün Kərbəlaya – Ərbəin ziyarətinə yollanır.

Hicri təqvimin miladi təqvimdən fərqli olaraq hər il təxminən 10 gün geriyə düşməsi səbəbindən son illərdə Ərbəin ziyarəti yay aylarının isti günlərinə təsadüf edir. Bu isə zəvvarların yürüşünü və ibadətini müəyyən qədər çətinləşdirir.

Ziyarət işlərinin təşkili ilə məşğul olan şirkətlərdən biri olan “İsra Tur”un rəhbəri Xəyal Həsənov bu il ziyarətin əvvəlki illərlə müqayisədə daha rahat keçəcəyinə ümid etdiyini bildirdi.

Onun sözlərinə görə, şirkət hər zaman zəvvarların rahat və təhlükəsiz şəkildə ziyarət etməsi üçün bütün zəruri addımları atır: “Qismət olsa, bu il də zəvvarlarla birlikdə Kərbəlaya yollanacağıq. Şirkət olaraq həmişə çalışırıq ki, zəvvarlarımız ziyarətlərini maksimum rahat şəkildə həyata keçirsinlər. Lakin bəzən bizdən asılı olmayan səbəblərdən müəyyən çətinliklər yaranır.

Havanın həddindən artıq isti keçməsi, sərhəd-keçid məntəqələrində uzun növbələrin yaranması, Kərbəla kimi nisbətən kiçik şəhərlərə qısa müddətdə milyonlarla insanın axın etməsi bu çətinliklər sırasındadır. Buna baxmayaraq, zəvvarların rahatlığı üçün bütün imkanlardan istifadə edirik.” Xəyal Həsənov bildirib ki, bu il İraqda həyata keçirilən infrastruktur layihələri və nəqliyyat imkanlarının genişlənməsi ziyarətçilərin işini xeyli asanlaşdıracaq: “Təxminən on gün əvvəl Kərbəla ziyarətində olmuşam. Hazırda Nəcəfdən Kərbəlaya uzanan piyada marşrutları boyunca yeni kölgəliklərin quraşdırılması işləri aparılır.

Eyni zamanda Nəcəf və Kərbəla şəhərlərində abadlıq işləri, yeni yolların çəkilməsi və digər infrastruktur layihələri həyata keçirilir. Bütün bunlar zəvvarların rahatlığına xidmət edir. Bundan əlavə, uzun müddət quru marşrutlarla həyata keçirilən səfərlər zəvvarlar üçün əlavə çətinliklər yaradırdı.

İnsanlar Bakı–Gürcüstan–Türkiyə istiqaməti ilə uzun yol qət etməli olurdular. Hazırda İran üzərindən hava məkanının açıq olması səfərləri daha rahat və əlçatan edir. Həmçinin ziyarət təşkil edən şirkətlərin illər ərzində qazandığı təcrübə də bu il zəvvarların işini xeyli asanlaşdıracaq.” Şirkət rəhbəri xüsusilə yaşlı şəxslərə və ciddi ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara Ərbəin yürüşündə iştirak etməzdən əvvəl sağlamlıq durumlarını nəzərə almağı tövsiyə edib. “Ərbəin ilk növbədə böyük bir yürüşdür.

Zəvvarlar təxminən dörd gün ərzində 100 kilometrdən artıq məsafəni piyada qət edirlər. Yol boyu istirahət məkanlarının, tibbi xidmətlərin, təhlükəsizlik tədbirlərinin və ehsan süfrələrinin təşkil olunmasına baxmayaraq, ciddi ürək xəstəliyi olan və ya çox yaşlı insanlara adi günlərdə Kərbəla ziyarətini tövsiyə edirəm. Kütləvi izdihamlar və uzunmüddətli fiziki hərəkət bu kateqoriyadan olan insanlar üçün müəyyən risklər yarada bilər.

Tibbi xidmət göstərilsə də, milyonlarla insanın iştirak etdiyi bir tədbirdə hər kəsə fərdi və yüksək səviyyəli tibbi yardım göstərmək mümkün olmur. Bu səbəbdən həmin şəxslərin ziyarətlərini daha sakit dövrlərdə həyata keçirmələri məqsədəuyğun olar”, – deyə Xəyal Həsənov bildirib.