Gələn həftə Kasım-Jomart Tokayev Azərbaycana gələcək

Gələn həftə Qazaxıstan Prezidenti Kasım_jomart Tokayev Azərbaycana rəsmi səfərə gələcək.

BusinessTime xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Astanada keçirilən 20-ci iclasında bildirilib.

Komissiyanın həmsədri, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib ki, səfər martın 11-12-nə nəzərdə tutulub.

İclas zamanı bildirilib ki, 2023-cü ildə ticarət dövriyyəsinin həcmi 314 milyon təşkil edib. İndiyə kimi Azərbaycan Qazaxıstana 211,4 milyon dollar, Qazaxıstan isə Azərbaycan iqtisadiyyatına 114 milyon dollar investisiya yatırıb. Yaxın vaxtlarda növbəti iclası keçiriləcək Azərbaycan-Qazaxıstan İşgüzar Şurası çərçivəsində sıx əməkdaşlığın, həmçinin ticari-iqtisadi əməkdaşlığın stimullaşdırılması tədbirlərinin, Qazaxıstan şirkətlərinin Ələt Azad İqtisadi Zonasına (AFEZ) cəlb edilməsi, habelə AFEZ ilə Qazaxıstanın azad iqtisadi zonaları arasında qarşılıqlı əməkdaşlığın qurulmasının bu göstəricilərin artırılmasına töhfə verəcəyi qeyd olunub. Azərbaycan-Qazaxıstan İnvestisiya Fondunun yaradılması, sənaye və texnologiya parklarında birgə istehsalın təşkili, Ələt limanında taxıl terminalının inşası, gəmiqayırma sektorunda əməkdaşlıq üzrə məsələlər, qazax şirkətlərinin azad edilmiş ərazilərdə layihələrdə iştirak imkanları nəzərdən keçirilib. Füzulidə 600 şagird yerlik “Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi”nin inşası, həmçinin xəstəxananın tikintisinin planlaşdırılması yüksək qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan üzrə həmsədri energetika naziri Pərviz Şahbazovdur.